Tehrandakı biznes sahiblərinə iş yerlərinə ölkədəki etnik xalqların dillərində ad qoymağa icazə verilmir.
Tehranın ictimai yerlərə nəzarət edən polis rəisi Polkovnik Nadir Muradi bu barədə mətbuata məlumat verərək, bildirib ki, "bizneslər üçün yerli adlar, o cümlədən türk, kürd, lur, şimal və s. dillər qadağandır və bu, qanuna ziddir."
İran paytaxtının polis rəsmisinin sözlərinə görə, ölkədə etnik xalqların dillərində adlar yalnız digər vilayətlərdə istifadə edilə bilər və qeyri-fars adların paytaxtda istifadəsi qanunsuzdur.
"Məsələn, türkdilli vilayətlərdə türk adlarından istifadə edilə bilər və bir daha vurğulayıram ki, direktivə əsasən paytaxtda iş yerləri üçün bu adların istifadəsi qadağandır", polis rəsmisi ifadə edib.
Muradi bildirib ki, polis bununla bağlı verilən göstərişə uyğun əməl edir. O, izah edib ki, Tehran sakinləri iş yerlərinə icazə almaq üçün polisə müraciət etsələr, fars olmayan bir ad seçdikləri təqdirdə, onların icazə ərizəsi təsdiqlənməyəcək.
O, İrandakı etnik xalqların dillərinə aid qeyri-fars adları "qadağan olunmuş adlar" adlandırıb və bildirib ki, Tehranda bəzi mağaza və iş yeri sahibləri polisdən icazə ərizəsi almadan mağazalarında lövhələr quraşdırsalar, polis qanun çərçivəsində müdaxilə edəcək.
İranda ümumiyyətlə etnik siyahıyaalma aparılmır və bununla bağlı rəsmi statistika da yoxdur. Tehranda Azərbaycan türklərinin əhəmiyyətli əhalisi yaşadığı rəsmilər tərəfindən bildirilsə də, İranın paytaxtında türklərin sayı ilə bağlı dəqiq və rəsmi statistika yoxdur.
Buna baxmayaraq, bizneslərə etnik azlıqların dilində olan adların qadağan edilməsi çox vaxt ifadə azadlığı və mədəni hüquqlar kimi fundamental insan hüquqlarına zidd hesab olunur.