Dekabrın 7-də hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş "Abzas Media"nın direktoru Ülvi Həsənli vəkili Zibeydə Sadıqova ilə görüşüb.
Vəkil Amerikanın Səsinə açıqlamasında bildirib ki, sağlamlığında problem olmasa da, bəzi məhdudiyyətlərə məruz qalır: "Ona göndərilən kitablar çatdırılmır. Ailəsi ilə telefon danışıqlarına qadağa qoyulsa da, bu vəziyyətdə vəkil istisnadır.
Lakin buna baxmayaraq, vəkilinə zəng etməsinə icazə verilmir. Bir neçə dəfə xahiş etsə də, yerinə yetirilməyib. Səhhəti ilə bağlı bəzi problemlər var. Həll olunması üçün müraciət edib. Lakin həll edilməyib. Bununla bağlı mən də rəsmi müraciət edəcəm".
Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.