Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.
Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib.
Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
Növbədənkənar seçkilərin elan edilməsi ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.
Müsavat Partiyasnın başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, növbədənkənar prezident seçkiləri bir qayda olaraq siyasi böhran yaranan anlarda keçirilir.
"İstər növbədənkənar prezident, istərsə də parlament seçkilərinin keçirilməsi üçün ölkədə siyasi böhranın aradan qaldırılması şərti nəzərə alınır. Amm, Azərbaycanda görünən hər hansı siyasi böhran mövcud deyil. Ola bilər ki, cəmiyyətə bəlli olmayan səbəblər var", o qeyd edib.
Your browser doesn’t support HTML5
Hacılı hesab edir ki, seçkilərin seçki gününə 60 gün qalmış elan edilməsi seçici iradəsinə mane olmaq məqsədi daşıyan amillərdən biridir.
"Seşkilərə 60 gün qalmış növbədənkənar seçkilərin elan edilməsi həm də seçki kampaniyasının başlanması deməkdir. Amma digər siyasi partiyalarda olduğu kimi Müsavat Partiyasında seçki ilə bağlı məsələ hələ müzakirə olunmayıb. Qısa müddətdə müzakirələr aparıb nəticələrini ictimaiyyətə elan edəcəyik", o qeyd edib.
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi komitəsinin sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, 7 fevral 2024-cü il prezident seçkisində REAL Partiyasının namizədinin olacağını və ya olmayacağını Siyasi Komitə yaxın günlərdə toplaşıb qərarlaşacaq.
"İstənilən halda, bütün seçiciləri səsverməyə qatılmağa çağıracağıq", o qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, heç bir ictimai müzakirə aparılmadan növbədənkənar prezident seçkisi təyin edilməsi "seçkilərin saxtalaşdırılacağına hazırlıqdır".
"Prezident seçkilərinin belə qəfil, ictimai müzakirə aparılmadan təyin edilməsi Azərbaycan hakimiyyətinin, şəxsən İlham Əliyevin bu növbədənkənar seçkiləri də saxtalaşdırmaq niyyətindən xəbər verir. Həm də bizə indi o məlum olur ki, son aylarda nəyə görə repressiyalar, həbslər gündəmdən düşməyib. Nəyə görə son aylarda Azərbaycan hakimiyyəti, bəzən də süni halda ABŞ-la, Avropa Birliyi ilə, ATƏT-lə, demokratik dünya ilə münasibətləri gərginləşdirib. Belə çıxır ki, aylar öncə İlham Əliyev növbədənkənar seçkilər keçirmək barədə daxili qərarını verib. Ondan sonra da planlı şəkildə ölkədə azad sözün ən son elementlərini də qazımaqla məşğul olub. Siyasi həbsləri daha da artırıb. Partiyalara, müxalifətə, vətəndaş cəmiyyətinə qarşı təzyiqi daha da artırıb. Ölkədə minimal rəqabət imkanlarını da aradan qaldırıb. Üstəlik demokratik beynəlxalq təşkilatlarla soyuqluq yaradıb ki, heç kim demokratik seçki ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı yüksək tələblər irəli sürə bilməsin. Hətta beynəlxalq və yerli müşahidə üçün də imkanlar olmasın. Faktiki bu seçkilər xalqa qarşı əməliyyat kimi hazırlanıb. Bu, seçkiləri oğurlamaq əməliyyatıdır. Hər şeydən görünür ki, hətta Azərbaycan standartlarında da bu ən rəqabətsiz şəraitdə keçirilən seçkilər olacaq", o qeyd edib.
Your browser doesn’t support HTML5
AXCP sədri deyib ki, onun bu seçkilərə münasibəti aydındır.
"Heç bir rəqabət imkanı olmayacaq. Amma hər halda biz seçkilərə münasibətlə bağlı partiyada növbədənkənar toplantı keçirib müzakirələr aparacağıq və sonra son qərarlarımızı ictimaiyyətə çatdıracağıq", Kərimli Amerikanın Səsinə deyib.
Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev Turan agentliyinə bildirib ki, bundan öncə də növbədənkənar prezident seçkiləri keçirilib.
"Regionumuzda çox fərqli və sürətli proseslər baş verir. Bütün bu proseslərin fonunda çevik addım atmaq və bir çox prosesləri qabaqlamaq zəruridir", Həmzəyev qeyd edib.
Deputat qeyd edib ki, bu baxımından da bu prezident seçkilərin növbədənkənar keçirilməsinə ehtiyac yarandığı üçün belə bir sərəncam imzalanıb.
"Azərbaycan xalqı onsuz da Prezident cənab İlham Əliyevi həmişə dəstəkləyib və xalqın böyük əksəriyyətinin səsini həmişə cənab Prezidentə verib. Yeni Azərbaycan Partiyası qalib partiyadır və onun namizədi cənab İlham Əliyev olduğu üçün biz həmişə seçkiləri qələbə ilə baş vurmuşuq", o deyib.
Həmzəyevin fikrincə, xüsusilə də 44 günlük Vətən müharibəsində əldə olunmuş zəfər və bundan sonra Qarabağa sürətli qayıdışın təşkil edilməsi Prezident İlham Əliyevə olan sevgini daha da artırıb.
"Bu baxımından bu prezident seçkilərində də cənab Prezidentin qalib gələcəyi hər kəs tərəfindən bilinir və bu seçkilərin 1 il tez və ya 1 il gec keçirməyinin heç bir fərqi olmayacaq", deputat bildirib.
Hüquq müdafiəçisi Bəşir Süleymanlı hesab edir ki, bu qəfil verilmiş qərardır.
“Çünki növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli olduğu halda, gələn il, çox az müddət üçün qalmış növbədənkənar prezident seçkilərinin keçirilməsinin yəqin ki xüsusi əhəmiyyəti var. Düşünürəm ki, bu qərarı verməyində məqsəd bundan əvvəl Rusiyada prezident seçkilərinin elan olunmasıdır. Bildiyiniz kimi bu yaxın vaxtlarda, martın 17-də Rusiyada prezident seçkilərinin təyin olunması elan edildi. Bundan sonra Azərbaycanda bu seçkilərin elan olunması arasında mən hardasa əlaqə görürəm. Çünki Qafqazda son günlər baş verən hadisələr, böyük güclərin konfrantasiyası və hansısa bir çəkişmələr bu qərarların alınması üçün əsas ola bilər", hüquq müdafiəçisi deyib.
Your browser doesn’t support HTML5
O hesab edir ki, buna görə də Azərbaycan hakimiyyəti gələcəkdə hər hansı baş verə biləcək hadisələrin qarşısını alınması üçün indidən sığortalanmağa ehtiyac duyur.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, prezident seçkilərinin 15 ay əvvələ təyin edilməsi ilk növbədə onun göstəricisidir ki, "ölkə rəhbəri nə özünə, nə də bundan sonrakı proseslərə güvənir".
"Bu il Azərbaycanda iqtisadi artım MDB ölkələrində ən aşağı idi. Gələn il isə resessiyanın da olması mümkündür. O da proqnozlaşdırılır. Ölkədə bir sözlə sosial gərginlik, sosial uçurum artmaqdadır. Gələn il böyük ehtimalla pik həddinə çatacaq. İqtidar Qarabağ zəfərini legitimliyinin artmasına və ictimai dəstəyə istədikləri kimi çevirə bilmədi. Yəni Əliyev iqtidarının əlində daxildə istifadə edəcək hər hansı xarici siyasət kartı qalmayıb. Qarabağ məsələsi axrıncı kart idi ki, onu da istifadə etdilər. Bu məsələdə də ciddi problemlər var. Görünən odur ki, Rusiyanın sülhməramlı qüvvələri 2025-ci ildə ölkəmizin ərazisini tərk etməyəcəklər. Bu da iqtidarın legitimliyini daha da aşağı salacaq", o deyib.
O hesab edir ki, hazırkı iqtidarın Qərblə əlaqələrində də qopma trendi davam edəcək.
"Yeri gəlmişkən, ABŞ Dövlət katibinin köməkçisi O'braynın dünən Azərbaycanda olması və görüşdən sonra, bu gün İlham Əliyevin təcili surətdə prezident seçkilərini vaxtından əvvələ təyin etməsi ilk növbədə ondan xəbər verir ki, Qərblə və yaxud ABŞ-la Azərbaycan iqtidari arasında münasibətlər olduqca pisdir və pisləşməkdədir. Böyük ehtimalla bundan sonra da pisləşəcək", Azər Qasımlı qeyd edib.
Siyasi təhlilçi hesab edir ki, problemin kökü Azərbaycanın geopolitik olaraq öz seçimini Rusiyadan yana etməsidir.
"Putinin yanındadır. Azərbaycan iqtidarı hesab edir ki, bu Qərblə çox ciddi gərginliyə səbəb olacaq. Ona görə də hesab edirəm ki, təcili şəkilədə bu prezident seçkilərini təyin etdilər. Son ayların repressiyalarını və yuxarıda dediklərimizi nəzərə alaraq ehtimal edə bilərik ki, gələn il repressiyalar böyük ehtimal davam etdiriləcək. Bu da elə bir tərəfdən Qərblə münasibətlərə mənfi təsir göstərəcək. Digər tərəfdən də ölkədə əlavə gərginlik və iqtidar üçün yeni təhdidlər deməkdir. Təbii ki bütün bunları nəzərə alaraq Azərbaycan iqtidarı 15 ay əvvələ prezident seçkilərini təyin etmiş oldu", Qasımlı əlavə edib.