Dekabrın 5-də Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov və Bakıda səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani arasında görüş olub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
“Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, məlumatda qeyd edilir.
İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanının Azərbaycana səfəri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Qafqaz regionunda əcnəbilərin müdaxiləsi olmadan sabit sülh və daimi əmin-amanlığın yaradılmasının vacibliyi ilə bağlı bu ölkənin Ermənistan və Azərbaycandakı səfirləri Mehdi Sobhani və Abbas Musəvi ilə keçirdiyi görüşdən sonraya təsadüf edir.
Nazir deyib ki, İranın xarici siyasətində Cənubi Qafqaz regionuna ciddi diqqət yetirilir.
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməməyə çağırıb.
Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, Rusiyanın Cənubi Qafqazda mövqeyi zəiflədikcə İran regionda geosiyasi rəqabətə daha da meyllənir.
“İranın Cənubi Qafqazda ən gərgin, barışmaz münasibətlərdə olduğu yeganə dövlət Azərbaycan idi. Bu reallığı nə İran, nə də Azərbaycan qısa zamanda dəyişə bilər. İranla Azərbaycan arasında dərin strateji ziddiyyətlər var. Mövcud geosiyasi proseslərin təsiri ilə yaranan taktiki yaxınlıq müvəqqətidir. İran bu fürsətdən maksimum yararlanmağa çalışır. İran ABŞ-la Azərbaycan arasında soyuq münasibətlərin dərinləşməsində maraqlıdır. Hər əlverişli fürsət düşəndə bu istiqamətdə müəyyən qızışdırıcı addımlar atır “, o bildirib.
Məmmədlinin fikrincə, hazırda İran bəzi regional məsələlərdə Azərbaycanla ortaq mövqedə olduqlarını qabartmaqla ABŞ-Azərbaycan münasibətlərinin pozulmasına ümid edir.
“Azərbaycanın təhlükəsizliyinin əsas qarantı NATO üzvü olan Türkiyədir. İranla münasibətlər iqtisadi-ticarət, kommunikasiya məsələləri üzərindədir. ABŞ-ın Azərbaycan-İran münasibətlərinə qarışması ilə bağlı deyilənlər reallığı əks etdirmir”, siyasi təhlilçi əlavə edib.
İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.
Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.
Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.
Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.