Təbriz və Üskü şəhərlərində havanın təhlükəli səviyyəyə çatan çirklənməsi səbəbilə bütün məktəblər üç gündür bağlıdır.
Şərqi Azərbaycanın Təbriz və Üskü şəhərlərində şagirdlər şənbə və bazar günləri məktəbə getməyiblər. Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, vilayətin böhran idarəetmə mərkəzi təhlükəli havanın çirklənməsi il bağlı vəziyyətin davam etməsi və havaya atılan tullantıların konsentrasiyasının artmasını önə çəkərək, məktəblərin ardıcıl olaraq dekabrın 5-də də bağlı olacağını açıqlayıb.
İRNA-nın xəbərinə görə, Təbriz və Üsküyə bağlı Xosrovşah, Basmınc, Sərdəri, İlxıçı və Səhənd kimi şəhərlər və qəsəbələrdə də məktəblər bütün təhsil səviyyələrində üç gündür bağlıdır.
“Həssas qruplar, o cümlədən uşaqlar, yaşlılar və ürək və tənəffüs sistemi xəstələri açıq havada gəzməkdən çəkinməli, açıq mühitdə hər hansı fərdi və qrup idman fəaliyyətlərindən uzaq durmalıdırlar. Əhali pəncərələrini açıq qoymaqdan çəkinməli, habelə sulu yeməklər və tərəvəzlərdən istifadəyə üstünlük verməlidir,” Şərqi Azərbaycan Böhran İdarəetmə Baş İdarəsinin direktoru Murtəza Minuyi İRNA agentliyinə deyib.
Yarı-rəsmi Mehr agentliyinin məlumatına görə, Təbrizdə havanın çirklənməsi şəraitinin gələn günlərdə də davam edəcəyi proqnozlaşdırılıb.
“Təbrizdə havanın çirklənməsi təkrarlanan hekayəyə çevrilib. Əhali hər il soyuq aylarda bu şəhərdə çirkəndirici maddələrin artdığını, Təbrizin mavi səmasının qaraldığını görməyə məhkumdur,” agentliyin xəbərində qeyd edilib.