Azərbaycanın Elm və Təhsil naziri məktəblərdə qızılca ilə bağlı son vəziyyəti açıqlayıb

Elm və təhsil naziri Emin Əmrullayev

Azərbaycanın Elm və Təhsil naziri məktəblərdə qızılca ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazir Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, artıq məktəblərdə uşaqların hərarəti ölçülür.

“Bizim indi üzləşdiyimiz vəziyyət 9-10 il əvvəl valideynlərin verdiyi qərarın nəticəsidir. Bu virusda peyvəndlənmə önəmlidir. Hazırkı rəqəmlər onu deyir ki, böyük bir pandemiya təhlükəsi yoxdur”, nazir bildirib.

Məktəblərin qızılcaya görə distant təhsilə keçməsi ilə bağlı məsələyə gəldikdə nazir deyib ki, ayrı-ayrı yerlərdə, məktəblərdə yoluxmalar var.

“Başqa məktəblər və ya siniflər distant təhsilə keçirilməyib, yalnız bir məktəbdə yoluxma sayı çox olduğu üçün distant təhsilə keçirilib”, nazir əlavə edib.

Azərbaycanın Sabirabad rayonunda (Bakıdan 168 kilometr cənub-qərb) dekabrın 1-də 1 yaşlı uşaq qızılcadan vəfat edib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir ki, 2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Həkimlərin səylərinə baxmayaraq o vəfat edib”, məlumatda qeyd edilir.

TƏBİB vətəndaşlara müraciət edərək vaksinasiyadan keçməyə çağırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Bakıdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində qızılca səbəbindən distant tədris tətbiq olunub.

Məlumatda deyilir ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

Qeyd olunub ki, analoji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir: "Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə bildirmək istərdik ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", təhsli idarəsi bildirib.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

“Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır,” nazirliyin məlumatında deyilir.