Təbrizdə yaşayan milli fəallar Əmir Səttari və Cəfər İsmayılzadə təhlükəsizlik qüvvələri tərəfindən bu şəhərin Kəşfiyyat İdarəsinə çağırılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri bu iki milli fəalla telefon əlaqəsi saxlayıb və onlardan Təbrizdəki Kəşfiyyat İdarəsinə getmələrini istəyib.
Təhlükəsizlik qüvvələrinə cavab olaraq, milli fəallar kəşfiyyat şöbəsinə müraciət etməyi rədd edərək, məhkəmə orderi olmadan heç bir quruma müraciət etməyəcəklərini deyiblər.
Təhlükəsizlik qüvvələrinin bu iki milli fəalı hansı səbəblərdən dolayı çağırması barədə məlumat yoxdur.
Ümumiyyətlə İranda təhlükəsizlik qüvvələri naməlum nömrələrlə sorğu-suala çəkmək istədikləri milli fəallara zəng edərək, Kəşfiyyat İdarəsinə gəlmələrini istərlər. Bu çağırışlarda təhlükəsizlik qüvvələri adətən fəalları idarəyə gəlmədiyi təqdirdə həbs etmək ilə hədələyirlər.
Bu milli fəallar dinc fəaliyyətlərindən dolayı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, müxtəlif ittihamlarla mühakimə olunub və həbsə məhkum ediliblər.