Gülnoza Said: Azərbaycan hakimiyyəti “Abzas Media” və “Kanal 13”-ü susdurmağa çalışır

Your browser doesn’t support HTML5

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə jurnalistlərin son həbsləri və Azərbaycanda medianın durumundan danışıb.

Amerikanın Səsi: Keçən həftə Azərbaycan rəsmiləri “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinç Vaqifqızı və jurnalist Məhəmməd Kekalovu həbs edib. Onların hər üçü barəsində bir neçə ay müddətinə həbs-qətimkan tədbiri seçilib. “Kanal 13” onlayn televiziya kanalının direktoru Əziz Orucov bu həftə polis onun ofisi və evində axtarış apardıqdan sonra 3 ay müddətinə saxlanılıb. “Abzas Media” korrupsiyanı araşdıran media qurumudur, “Kanal 13” isə çox populyar müstəqil kanaldır. Jurnalistlərin həbsləri hökumətin ölkədə müstəqil medianı sıxışdırmağa çalışdığına inanan media müdafiəçilərinin narahatlığına səbəb olub. Sizin fikrinizcə, bu həbslərin səbəbi nə ilə bağlıdır? Sizin bu xəbərlərə reaksiyanız necə oldu?

Gülnoza Said: Deyə bilərəm ki, dərhal ağla bu iki fikir gəlir. Əvvəla, bu, ilk dəfə deyil ki, bir neçə gün ərzində çoxsaylı həbslərin baş verdiyini eşidirik. Azərbaycan Sovet İttifaqının dağılmasından bəri praktiki olaraq uzun illərdir ki, jurnalistlərin həbsi və onların müxtəlif həbs cəzalarına məhkum edilməsi də daxil olmaqla, müstəqil səsləri boğması ilə tanınır. Digər tərəfdən, son bir neçə ayda keçən həftəyə qədər heç bir həbs müşahidə etməmişdik və bu, sonra baş verənlərə görə çox narahatedicidir. Əvvəla, bütün jurnalistlərə və media işçilərinə qarşı ittihamlar birmənalı olaraq onların jurnalist fəaliyyətinə görə qisas xarakteri daşıyır. Aydındır ki, Azərbaycan hakimiyyəti çox mühüm media qurumlarını – “Abzas Media” və “Kanal 13”-ü susdurmağa çalışır.

Başqa tərəfdən, burada bir çox digər amillərin də rol oynadığı aydındır. Onlardan biri də anladığımız qədər geosiyasi amil, Azərbaycanın Dağlıq Qarabağa nəzarəti yenidən bərpa etməsi faktoru ilə bağlıdır və Qərb bu məsələdə Ermənistanı bir çox cəhətdən dəstəklədiyi üçün Azərbaycan Rusiya kimi müstəqil jurnalistlərə qarşı çox açıq repressiyaları müşahidə etdiyimiz digər avtoritar rejimlərlə yaxınlaşır.

Amerikanın Səsi: Sizin təşkilatınız Azərbaycan hakimiyyətini jurnalistləri azad etməyə çağırıb. Azərbaycan hökumətindən hansı reaksiyanın olacağını gözləyirsiniz?

Gülnoza Said: Bu, çox yaxşı sualdır, çünki biz illərdir Azərbaycanda daha çox mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyini müdafiə edirik. Siz və mən bundan əvvəl bir çox fərdi işlərdən və Azərbaycanda mətbuat azadlığının ümumi vəziyyəti haqda danışmışıq. Təəssüflər olsun ki, bizim çağırışlarımız çox vaxt qulaqardına vurulur, çünki hər dəfə bir jurnalist və ya media qurumu ilə bağlı insident baş verəndə bizim müraciət etdiyimiz Azərbaycan hakimiyyət orqanları heç vaxt müraciətlərimizə cavab vermir və ya ən azından açıq və ya ictimai şəkildə reaksiya vermir. Bəzi hallarda, Dağlıq Qarabağda müharibə zamanı baş verən bəzi hadisələrlə bağlı onlarla əlaqə saxladığımız zaman cavab verirdilər. Lakin digər hallarda, xüsusən də rəsmilər tənqidi fikirləri ilə tanınan jurnalisti açıq şəkildə təqib etdikdə və ya bu işdə olduğu kimi həbs etdikdə, əsas hakimiyyət orqanlar cavab vermir. Lakin biz inanırıq ki, daha geniş miqyasda Jurnalistləri Müdafiə Komitəsi kimi səslər çox olduqda demokratik hökumətlərin və beynəlxalq təşkilatların səsləri və cavabları təsir göstərir. Ümid edirik ki, Azərbaycan hakimiyyəti son həbslərin pislənməsinə diqqət verəcək və həbsdə olan jurnalistləri azad edəcək.

Amerikanın Səsi: Qeyd etdiyiniz kimi, jurnalistlərə qarşı irəli sürülən ittihamlara ölkəyə qaçaqmal yolu ilə valyuta gətirmək daxildir. Polisin “Abzas Media”-nın ofisində 40 min avro aşkar etdiyi iddia edilir. Jurnalistlərə qarşı ittihamlar nə dərəcədə narahatedicidir?

Gülnoza Said: Bu, çox narahatedicidir. İttihamlar sözsüz ki, jurnalistlərdən, haqqında danışdığımız şəxslərin jurnalist fəaliyyətinə görə qisas almaq xarakteri daşıyır. Ülvi Həsənli və Sevinc Vaqifqızı Azərbaycan prezidenti İlham Əliyevin ailəsi də daxil olmaqla, korrupsiya iddiaları ilə bağlı reportajlar üzərində işləyiblər. Və biz həbslərin əsl səbəbinin bu olduğuna inanırıq. Bundan əlavə, rəsmilərin “Abzas Media”nın ofisində külli miqdarda pul aşkar edildiyi ilə bağlı Ülvi Həsənlinin bu pulun ofisdə olması üçün heç bir səbəb olmadığını və hüquq-mühafizə orqanları tərəfindən ofisə yerləşdirilə bildiyini izah edərək təkzib etdiyi iddiaları irəli sürməsi – bu, bir çox avtoritar ölkələrdə hakimiyyət orqanlarının jurnalistləri saxlamaq və onları müstəqil reportajlara görə cəzalandırmağa çalışdığına dair gördüyümüz çox aydın nümunədir. Tamamilə aydındır ki, “Absas Media” məsələsində hakimiyyət onların antikorrupsiya xəbərlərindən çox qıcıqlanıb və onları susdurmaq istəyir. Eyni dərəcədə, qeyd etdiyiniz kimi, ən populyar onlayn televiziya kanallarından biri, çox sayda izləyicisi olan, çox geniş mövzuları əhatə edərək, müxalif fikirlərə yer verən, eləcə də Rusiyanın Ukraynada müharibəsi haqqında müstəqil reportajlar təqdim edən “Kanal 13” onlayn televiziyası. Yəni, bu media qurumlarının hər ikisi hökumətə başağrısı verir və [hakimiyyət] onları susdurmaq istəyir.

Amerikanın Səsi: Ölkədəki digər müstəqil jurnalistlərin müdafiəsi üçün hansı addımlar atılmalıdır? Nə edilməlidir?

Gülnoza Said: Bu çox çətin sualdır, çünki biz bilirik ki, son illərdə Azərbaycandan qaçan və mühacirətdən jurnalistikasını davam etdirən çoxlu sayda jurnalist var və hələ də Azərbaycanda olan jurnalistlər, hələ də ölkədə qalan jurnalistlər Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə həssas durumdadırlar. Onlar istənilən an saxlanılıb məsuliyyətə cəlb oluna bilərlər. İttihamlar isə gördüyünüz kimi, çox absurd, uydurma və ya Əziz Orucova qarşı ittiham kimi bir şey ola bilər. Biz görürük ki, o, qanunsuz tikintiyə görə cinayət məsuliyyətinə cəlb olunur. Bildiyiniz kimi, yəqin ki, Azərbaycanda bir çox insanı buna görə ittiham edə bilərsiniz. Anladığımız kimi, azərbaycanlılar arasında aldıqları torpaqlarda ev tikmək kifayət qədər geniş yayılmış təcrübədir. O, [Əziz Orucov] eyni fəaliyyətlə məşğul olan minlərlə adamın arasından seçilib, amma jurnalist olduğu üçün indi məsuliyyətə cəlb olunub. Buna görə də indi Azərbaycanda jurnalistlər aydın başa düşürlər ki, onları istənilən vaxt istənilən ittihamla mühakimə etmək olar. Bu, çox ciddi bir vəziyyətdir. Aydın məsələdir ki, jurnalistlər belə şəraitdə, daim qorxu içində işləməməlidirlər. Və bu üç çox tanınmış jurnalistin məhkəməyə verilməsi, hazırda həbsdə olması hələ də Azərbaycanda olan bir çox digər jurnalistlər üçün qorxu faktoru kimi xidmət etməlidir. Bu, Azərbaycan hakimiyyətinin gözlədiyi kimi, onları qorxutmalı, özünü senzuraya məcbur etməli və jurnalistikanı dayandırmalıdır. Lakin bu, Azərbaycan üçün dayanıqlı inkişaf deyil. Hamının, ilk növbədə, azərbaycanlıların özlərinin ölkədəki vəziyyətin müstəqil şəkildə işıqlandırılmasına ehtiyacı var və bunu yerlərdə müstəqil jurnalistlərdən yaxşı heç kim edə bilməz.