ABŞ Dövlət katibi Antoni Blinken NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplaşacağı Brüsselə gedir

Dövlət Departamentinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşı mübarizədə alyansın Ukraynaya qarşı “sabit öhdəliyini” yeniləmək üçün bu həftə NATO-ya üzv dövlətlərə qoşulur.

Bazar ertəsi ABŞ-ın Dövlət katibi Antoni Blinken NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın 27-dən 29-dək toplaşacağı Brüsselə gedir. Çərşənbə günü Blinken bu həftənin sonunda paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya ATƏT-in xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edən NATO üzvü Şimali Makedoniyaya ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Birləşmiş Ştatlar 2024-cü il iyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun növbəti sammitinə ev sahibliyi edəcək. Blinken gələn il alyansın 75 illik yubileyi münasibəti ilə Vaşinqton görüşünün prioritetlərini həmkarları ilə müzakirə edəcək.

ABŞ-ın baş diplomatı Kyivin NATO-ya üzv olmağa can atdığı bir vaxt NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclasında iştirak etməyə hazırlaşır.

Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Dövlər katibinin köməkçisi Cim O’Brayen “Şura Ukraynanın NATO ilə sıx tərəfdaşlığını dəstəkləyir” deyib.

“Müttəfiqlər Rusiya işğalçı müharibəsini dayandırana qədər Ukraynanın özünümüdafiəsini dəstəkləməyə davam edəcəklər”, o əlavə edib.

İyulun 12-də NATO-nun Vilnüsdə keçirilən aammitində Ukrayna prezidenti Volodimir Zelenski və digər üzv ölkələrin hökumət başçılarının da iştirakı ilə NATO-Ukrayna Şurasının açılışı olub.

Şura Rusiyanın Ukrayna limanlarından taxıl ixracına nəzarət edən sazişdən çıxmasından sonra Qara dəniz təhlükəsizliyini müzakirə etmək üçün iyulun sonunda ikinci dəfə toplaşıb.

Üçüncü görüş Ukraynaya əhəmiyyətli yardımı müzakirə etmək və Ukrayna qüvvələrinin NATO ilə tam qarşılıqlı fəaliyyət göstərməsini təmin etmək üçün oktyabr ayında keçirilib.

NATO-Ukrayna Şurası müttəfiqlərin və Ukraynanın siyasi dialoqun inkişafı üçün bərabərhüquqlu iştirakçıların birgə qurumudur.