Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı barəsində seçilmiş 3 ay 29 gün həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova jurnalistlərə bildirib ki, qızı günahkar deyil, o, saxta ittihamla həbs olunub.
"Qızım bilirdi ki, Bakıda onu həbs edəcəklər, biz bunu bilirdik, mən xaricə, qızıma zəng elədim və xahiş etdim ki, qayıtmasın. Lakin Sevinc dedi ki, nə mən şəhidlərdən artığam, nə də sən şəhid analarından artıqsan, mən gələcəm", deyə Məhərrəmova bildirib.
Vəkil Fariz Namazlı bildirib ki, bugünkü şikayət həm Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuz olmasından, həm də təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı idi:
"Məhkəmə qərarı olmadan "Report.az" saytında "Abzas Media" barəsində sızdırılmış materiallar var idi. Həmin materiallar istintaq orqanları tərəfindən mətbuata sızdırılıb. Halbuki, indi istintaq gedir və həmin materiallar istintaq sirridir".
Məhkəmə hər iki şikayəti təmin etməyib və jurnalist həbsdə qalıb.
Xatırlatma
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.
Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.
Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.
Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.
Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.