ABŞ səfirliyi Amerika universitetlərinin məzunları ilə bağlı yazılanlara cavab verib

ABŞ Təhsil Sərgisi (Arxiv foto. Mənbə: VOA)

Azərbaycanda bir sıra media orqanlarında ABŞ-da təhsil alanların “ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsi", "məxfi əməkdaşlığa cəlb edilmiş"lər kimi xarakterizə edilməsi Azərbaycanda ictimai-siyasi xadimlərin tənqidlərinə səbəb olub.

Mediada dərc edilən yazılardan sonra ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda Marriott Absheron otelində keçirilməsi planlaşdırılan təntənəli görüşü təxirə salıb.

ABŞ Səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, 1992-ci ildə iki ölkə diplomatik əlaqələr qurandan bəri ABŞ və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə şəffaf şəkildə birgə işləyir.

“Bura bizim insanlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə gördüyümüz işlər daxildir. Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış azərbaycanlı məzunlar icmasının nailiyyətlərini və onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi. Bu yubileylər səfirliyin hər il ev sahibliyi etdiyi məzunlar tədbirini bu il daha da xüsusi etdi. Hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla, müxtəlif sahələrdən 400-dən çox qonağın iştirakı gözlənilirdi. Tədbiri tezliklə yenidən planlaşdırmağı gözləyirik,” ABŞ səfirliyinin sözçüsü Vanessa Zenjinin cavabında deyilir.

Azərbaycanın bəzi ictimai-siyasi xadimləri yerli mediada dərc edilən ittihamların əsassız olduğu qənaətindədir.

İlham İsmayıl

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı olmuş təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, mətbuatın verdiyi məlumata görə ABŞ səfirliyi “agentura şəbəkəsi ilə oteldə açıq görüş” keçirmək istəyib.

“ABŞ-ın dünyanın hər yerində agentləri var, o cümlədən Azərbaycanda da olması mümkündür, amma agentlərlə görüş bir qayda olaraq məxvi olur və əvvəlcədən görüş barədə mətbuata elan verilmir. Ümumiyyətlə isə şəbəkə üzvləri bir-birilərini tanımaması üçün, hətta iki agentlə eyni vaxtda eyni məkanda görüş keçirilməz”, o qeyd edib.

Təhlilçi həmçinin yazıb ki, əgər görüşüləcək şəxslərin agent olduqları barədə əsaslı şübhələr varsa, təcili bu şəxslər vətənə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı və bunu bilənlər mətbuata deyil, xüsusi xidmət orqanına müraciət etməlidir.

“ABŞ-ı tənqid etmək, onun qərəzli mövqeyinə sərt cavab vermək və ikili standartlar sərgilədiyinə görə faktlarla ifşa etmək olar və lazımdır, amma belə qeyri-peşəkar yanaşma əks effekt yaradır”, o deyib.

Əhməd Əlili- siyasi tədqiqatçı

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili hesab edir ki, Azərbaycanda övladına ölkə xaricində təhsil vermək istəməyən ailə yoxdur.

“Amerika və Böyük Britaniya məzunları assosiasiyasının üzvü kimi, ora toplanan insanların əlaqələri, məxsus olduqları sosial çevrələr həmişə fərqli və geniş olub. Ötən illərdə ABŞ və Böyük Britaniya məzunları assosiasiyalarının tədbirlərini birgə təşkil etmələri olub. Məşhur Rotondada. Kifayət qədər ciddi isimlər toplaşmışdı ora. İndi belə çıxır hamısına ad qoyulur? Bu cür toplantıları “casus toplantısı” elan etmək ən azı, absurddur. Ona görə də bu fikirləri bir sıra xarici ölkələrin mətbuatında səsləndirilən fikirlərin düşünülmədən, mexaniki təkrarlanması kimi qəbul etmək daha düzgün olardı. Casusların toplanması üçün başqa yer yoxdur və bunu elan vermədən, gizli edə bilmirlər?” o sual edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli hesab edir ki, ABŞ-da təhsil almış məzunlarla bağlı yazılar “düşük və gülünc” ittihamlardır.

“Bu iqtidara canı-könüldən qulluq edən xeyli sayda xaricdə təhsil almış kadr var. Müxalif düşərgədə xaricdə təhsil almış kadrların sayı isə barmaq sayı qədərdir. Amma Bayden hökumətindən incikdirlər və inciklərini belə düşük formada ifadə edirlər. Halbuki daha tutarlı və məntiqli şəkildə küskünlüklərini nümayiş etdirə, razılaşmadıqları məqamları açıqlaya bilərlər”, o qeyd edib.

Məmmədli həmçinin hesab edir ki, bir neçə yazıadan sonra ABŞ Məzunlar Birliyinin tədbirnin təxirə salınması bu qurumun məzmunsuz fəaliyyətindən xəbər verir.

“İki gündür hökumət mediasında ağır ittihamlara məruz qalan qurum o qədər "müstəqildir" ki, çıxıb nə məhkəməyə müraciət edir, nə də təkzib tələb edir. Çünki əksər üzvləri dövlət strukturları və ya iqtidara bağlı holdinqlərdə çalışır. Gedib ABŞ-da yaxşı təhsil alıb yaxşı kadr kimi ölkəyə qayıtmaq olar. Amma ABŞ-da insanların demokratik azadlıqlar, ədalət və bərəbarlik uğrunda mübarizəsindən ilhamlanmaq üçün siyasi dəyərlərə malik olmaq lazımdır. Bu dəyərlər evdə, məhəllədə, ya da orta məktəbdə aşılanmayıbsa, gedib ABŞ-dan demokrat qayıtmaq çətin məsələdir”, o deyib.

Anar Məmmədlinin firkincə, Azərbaycanda vətəndaş fəallığını xarici təşkilatlara bağlamaq cəhdi ölkədə insan hüquq və azadlqıları uğrunda mübarizəni etibarsızlaşdırmağa yönəlib.

“Sanki azərbaycanlılar xarici dəstək olmasa öz hüquqları uğrundan mübarizə apara bilməzlər. 90-cı illərdə ölkədə vətəndaş cəmiyyəti qurumları formalaşanda nə USAİD vardı, nə BMT-nin İnkişaf Proqramı, nə də Avropa Birliyi. Bu qurumlar ölkədə çalışdıqları illər ərzində əsasən dövlət proqramlarını dəstəkləyib, ayırdıqları maliyyə vəsaitlərinin böyük qismini iqtidarın "xeyir-dua" verdiyi layihələrə ayırıblar. Yəni iqtidarda da bilirlər ki, bu qurumların rəngli inqilablar edəcəyinə dair iddialar boş və əsassızıdır”, o qeyd edib.

Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirib ki, Azərbaycanda 2008-2015-ci illər xaricdə təhsil proqramı, müxtəlif təqaüd proqramları ilə minlərlə gənc Amerika universitelərində təhsil alıb.

“2019-cu ildə "Amerika məzunları cəmiyyəti" təsis edilib və qeydiyyatdan keçib. Təsisçilərin demək olar ki, hər üçü ADA Universitetində yüksək vəzifələr tuturlar. Ümumiyyətlə ADA Universitetinin professor-müəllim kadrlarının yarıdan çoxu Amerika Universitetləri məzunlarıdır. Ölkənin iqtisadiyyat naziri Amerika Universitetinin məzunudur, Prezidentin köməkçisi Harvard Universitetində oxuyub, Ali Məhkəmənin sədri orta məktəbu belə İndianada oxuyub. Ölkənin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Harvard Universitetinin Kennedi Məktəbinin məzunudur. Belə faktlar yüzlərlədir. İndi belə çıxır ki, bunlar hamısı agent imiş,” o, qeyd edib.

Həsənli “kollektiv agentura, kütləvi casusluq“ haqda yazılanları sual edib.

“Məzunlar arasında agent varsa buyursun təhlükəsizlik orqanları üzə çıxarsın. Amma Amerika Universitetlərində həm dövlət xətti ilə, həm də beynəlxalq təqaüd proqramları ilə təhsil almış şəxsləri necə ucdantutma agent adlandırmaq olar. Şübhəsiz ki, belə məlumat media qurumunun özəl təşəbbüsü deyil. Bununla hakimiyyət orqanları Amerika səfirliyinin tədbirini pozmaq istəyir, orada iştirak edəcək məzunları təhdid edir, onları "agent" damğası ilə qorxudur və çəkindirir. Əgər Azərbaycanın hakimiyyət orqanları Amerika səfirliyinin “məzunlarla görüşündən” rəncidədirsə, buyursun görüşü və ya səfirliyin fəaliyətini qadağan etsin. Amerika Universitetlərinin ölkədə fəaliyyət göstərən yüzlərlə, minlərlə məzununu agent adlandırmaq, onlara casus damğası vurmaq abdallıqdır, hələ də ölkədə qorxulu kabus kimi dolanan 37-ci il sindromudur,” Cəmil Həsənli bildirib.

ABŞ-ın təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı ilbəil artmaqdadır.

ABŞ-ın Azərbaycandakı səfirliyi bu il noyabrın 13-də bildirib ki, 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-da təhsil alır. Bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.

Bundan öncə isə ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, 2020-ci illə müqayisədə otuz faizdən çox artdığını xatrıladıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi noyabrın 27-də X platformasında bildirib ki, 1940-cı ildən bəri dünyada 1,7 milyon insan ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ABŞ mübadilə proqramlarında iştirak etmişdir.“Onların bir çoxu öz icmalarında və peşələrində lider olmaqda davam edir. Onların arasında Nobel mükafatı laureatları, Pulitzer mükafatı laureatları, dövlət və hökumət başçıları var,” səfirlik qeyd edib.