Urmiyədə kəşfiyyat şöbəsində saxlanılan müəllim müvəqqəti azadlığa buraxılıb

Cavad Calizban

Hüquq müdafiəçiləri təqribən iki həftə əvvəl Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan müəllim və mədəni fəal Cavad Calizbanın sərbəst buraxıldığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, "türk fəal cümə axşamı günü mülki zəmanət qarşlığında İran kəşfiyyatının Urmiyədəki təcridxanasından sərbəst buraxılıb".

Cavad Calizbanın 400 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azad edildiyi bildirilib. Onun mühakimə prosesi davam edəcək.

SEE ALSO: Yılmaz Mehrəlibəyli: Qardaşım Yürüşü həbslə susdurmağa çalışırlar, amma o yoluna inanır, biz də arxasındayıq!

Salmas şəhərinin sakini olan müəllim və mədəni fəal noyabr ayını 12-də Salmasda nəzarət altına alınıb və daha sonra Urmiyə kəşfiyyat şöbəsinə göndərilmişdi.

Ona qarşı hansı ittihamların irəli sürüldüyünə dair məlumat yayılmayıb.

Hüquq müdafiəçiləri keçən aylarda İran Azərbaycanının müxtəlif şəhərində siyasi və mədəni fəallara qarşı basqıların artdığını bildirirlər.