"Azərbaycan hakimiyyəti korrupsiyanın araşdırılması və ifşası ilə tanınan müstəqil "Abzas Media"nın rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızını həbs edib. Həmçinin "Abzas Media" ilə işləyən sosial sahibkar Məhəmməd Kekalovu saxlayıb".
İnsan haqları təşkilatı "Human Rights Watch"un yaydığı bəyanatda belə qeyd olunub.
Bəyanatda deyilir ki, jurnalistlər qaçaqmalçılıq kimi saxta ittihamlarla saxlanıb, həbs edilib, onlar təqsirli bilinərlərsə 8 ilədək azadlıqdan məhrum ediləcəklər.
İnsan haqları təşkilatı bildirir ki, jurnalistlər qaçaqmalçılıq kimi saxta ittihamlarla üzləşib. Lakin məhkəmə onları uzun müddət həbsdə saxlamaq üçün heç bir konkret fakt təqdim etməyib.
"Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür" - deyə, "Human Rights Watch"un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qoqia bildirib.
"Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun həbsləri köhnə tendensiyanın son nümunəsidir. Onlar dərhal azad edilməlidir" - deyə, o əlavə edib.
Təşkilatın yaydığı bəyanatda bildirilir ki, maskalı polis əməkdaşları Ülvi Həsənlini noyabrın 20-də Moldovada olan tədbirdə iştirak etmək üçün planlaşdırdığı səfərdən əvvəl saxlayıb, bir gün sonra Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən, hava limanında saxlanıb.
"Yerli mətbuat xəbər verir ki, polis noyabrın 20-də Kekalovu evində saxlayıb. Noyabrın 22-dək Daxili İşlər Nazirliyi onun saxlanmasını təsdiqləyərək, Həsənli və Vaqifqızı ilə eyni cinayət işi üzrə araşdırıldığını bildirənədək onun harada olduğu bəlli olmayıb. O, barəsində həbs qətimkan tədbiri seçilməsini gözləyir".
HRW bildirir ki, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının əsassız həbsə qarşı təminatlarını pozub:
"Həsənli və Vaqifqızının həbsi mücərrəd və əsassızdır. Müstəntiqlər onların qaçacaqlarını, istintaqa müdaxilə edəcəklərini və ya başqa cinayət törədəcəklərini iddia edərək, barələrində həbs tədbiri seçib. Lakin bu iddiaları təsdiqləyən heç bir sübut təqdim etməyiblər".
"Human Rights Watch" təşkilatı bəyanatda bildirib ki, məhkəməyəqədər həbs qətimkan tədbiri təqsirləndirilən şəxs üçün aidiyyəti olan konkret faktlar və şəxsi şəraitlə əsaslandırılmış son tədbir olmalıdır.
""Abzas Media" tez-tez ölkədəki korrupsiya faktları barədə məlumat verən, müstəqil, onlayn xəbər platformasıdır. Həsənli həm də NİDA Vətəndaş Hərəkatının keçmiş üzvüdür, İdarə Heyətinin üzvləri 2014-cü ildə saxta cinayət ittihamı ilə təqib olunaraq, həbs edilib. Vaqifqızı Azərbaycanın tanınmış araşdırmaçı jurnalistidir. Əvvəllər o, prezident, onun ailəsi və kabinet üzvləri ilə bağlı iddialar da daxil olmaqla, yüksək səviyyəli korrupsiya faktlarını sənədləşdirib və ifşa edib. Azərbaycan hakimiyyəti onun 2015-2019-cu illər arasında xaricə səyahətinə qadağa qoyub. 2021-ci ildə Vaqifqızı İsrailin "NSO Group" adlı casus proqram şirkəti tərəfindən hazırlanmış və bir neçə xarici ölkə tərəfindən istifadə edilən "Pegasus" proqramının hədəfində olub".
Bəyanatda Məhəmməd Kekalov barəsində də məlumat verilib. Qeyd edilib ki, o, "Abzas Media" ilə əməkdaşlıq edib, həmçinin əlilliyi olan şəxslərin hüquqlarına və inklüzivli ilə məşğul olan sosial sahibkardır. O, 2019-cu ildə əlilliyi olan
şəxslərin rahat istifadəsi üçün paltar dizayn edən, əlçatan moda brendi yaradıb.
"Bütün baş verənlər birbaşa jurnalistika ilə bağlıdır. Biz həbs edilənlərin dərhal azad edilməsini tələb edirik. Həsənli, Vaqifqızı və Kekalovun həbsi tanınmış alim və fəal Qubad İbadoğlunun saxta pul hazırlamaq, əldə etmək və ya satmaq, ekstremizmdə ittiham olunaraq iyulda həbs olunmasından sonra baş verib. İttihamlar fərqli olsa da, məqsəd eynidir: hökumət tənqid edənlərin səsini kəsərək, Azərbaycanda cəsur jurnalistlərə və fəallara soyuq siqnallar göndərir" - deyə, Qoqia deyib.
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.
Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.
Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.
Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.
Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.