Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib

Məhəmməd Kekalov

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

"O, artıq dövlət hesabına vəkili olduğunu dedi. Mən ona hüquqlarını izah etdim və bildirdim ki, sənin bir neçə vəkilin ola bilər. O isə qəbul etmədi. Görüşümüz müstəntiqin yanında baş tutdu. Üzərində hər hansı işgəncə izi görmədim. Vəkili olmadığım üçün çox suallar verib danışmaq imkanım olmadı. Diqqətimi çəkən Məhəmmədin həddindən artıq sakit olması idi. O, məni tanıdığı halda, vəkili olmağımdan imtina etdi. Mən onunla təklikdə danışmaq üçün şərait yaradılmasını xahiş etdim, amma buna imkan verilmədi. Məhəmməd bildirdi ki, o, heç bir cinayət törətməyib və ayın 20-dən saxlanılıb. Dostlarına salam göndərdi", vəkil bildirib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.