ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlərin son zamanlar gərginləşməsi, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” ilə bağlı keçirilən dinləmələr, Azərbaycan və Ermənistan arasında sülh prosesi və jurnalistlərin son həbsləri ilə bağlı fikirlərini bölüşüb.
Amerikanın Səsi: Mən Azərbaycanda bu günlər jurnalistlərin həbsi ilə bağlı sual vermək istəyirəm. Bildiyiniz kimi, bu həftə araşdırmaçı xəbər saytı ilə əlaqəsi olan bir neçə jurnalistin həbs olunması bunu ölkədə müstəqil medianın boğuması cəhdi hesab edən media müdafiəçiləri arasında narahatlıq doğurub. Bu məsələ ilə bağlı sizin fikriniz nədir? Sizcə, bu həbslərin səbəbi nə ilə bağlıdır?
Riçard Kazlariç: Mən bunun keçən həftənin əvvəlində Konqresdə keçirilən dinləmələr də daxil olmaqla, ABŞ-Azərbaycan münasibətlərində digər məsələlərlə bağlı vaxt baxımından önəmli olduğunu hesab edirəm. Amma bu, müstəqil mediaya təzyiq praktikasının davamıdır. Bildiyimə görə, bu, korrupsiya problemini araşdıran jurnalistlərə qarşı yönəlib. Mən bunun həm də professor Qubad İbadoğlunun davam edən həbsi ilə bağlı olduğunu düşünürəm. Bakıdakı rejim heç bir müstəqil mediaya dözümlülük göstərmək fikrində deyil və onlar jurnalistlər və media üçün böyük problemlər yaradacaq diqqət verilən sahələrin olduğunu açıq şəkildə bildirən mesajlar vermək üçün hər şeyi edəcəklər. Beləliklə də bəli, bu, hamımızı narahat etməli olan davamlı bir problemdir.
Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi son həbslər keçən həftə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” ilə bağlı keçirilən dinləmələrdən sonra Bakı ilə Vaşinqton arasında yaranan gərginlik fonunda baş verib. Sizin dinləmələrlə bağlı fikriniz nədir? Onlar hansı məqsədlə keçirilmişdi?
Riçard Kazlariç: Düşünürəm ki, qarşıya qoyulan məqsədlə bağlı bu komitənin bir çox üzvlərinin Ermənistana münasibətdə mövqeyini siz də hamı kimi bilirsiniz. Burada yeni heç nə yoxdur. Düşünürəm ki, dinləmələrin məqsədi Qarabağı tərk etmək məcburiyyətində qalmış 100-120 min erməninin vəziyyətinə diqqəti yönəltməyə davam etdirməkdən ibarət idi. Yəni Azərbaycanın maraqları baxımından bu, neytral və dostluq mühiti olmayacaqdı. Tim O'Brayanın əla iş gördüyünü hesab edirəm. Mən onu nəzərdə tuturam ki, o, dövlət katibinin köməkçisinin müavini vəzifəsində yenidir, lakin o açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında əhəmiyyətli sülh prosesi başlayana qədər Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin icrasının dayandırılmasını davam etdirməyəcək. Məncə, bu, rəsmi Bakıya 907-ci düzəliş və onun mahiyyətini xatırladıb. Buna görə də bu, ikitərəfli münasibətlərimizdə problemə çevrilib.
Amerikanın Səsi: Dediyiniz kimi, dinləmələr zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn qeyd edib ki, sentyabrın 19-dan sonra Azərbaycanla münasibətlər yalnız sülh yolunda hər hansı bir irəliləyişin olacağı təqdirdə adi qaydada davam etdiriləcək. Siz bunun tam olaraq nə demək olduğunu izah edə bilərsinizmi?
Riçard Kazlariç: Mən Cimin nə demək istədiyini şərh etməyə çalışmayacağam, çünki məndə heç bir daxili məlumat yoxdur. Amma dinləmələri və onun dediklərini dinlədikdən sonra hesab edirəm ki, bu, Azərbaycanın sülh prosesini davam etdirməkdənsə, sentyabrda hərbi əməliyyatlara başlaması ilə bağlı diplomatik dillə desək, məyusluğun təzahürüdür. Artıq bir neçə aydır ki, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında danışıqlar davam edirdi və düşünürəm ki, hərbi əməliyyat bu prosesi tamamilə pozan bir şey idi.
Amerikanın Səsi: Azərbaycan Xarici İşlər Nazirliyi dövlət katibinin köməkçisi Ceyms O’Braynın dinləmələr zamanı səsləndirdiyi fikirlər, xüsusilə də onun 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılmasından imtina ilə bağlı şərhlərini qəbuledilməz adlandırıb. Bütün bunlar Vaşinqton və Bakı arasında gələcək münasibətlər üçün nə deməkdir?
Riçard Kazlariç: Xarici İşlər Nazirliyi təəccüblənməməli idi, çünki hələ bu dinləmələrdən əvvəl Dövlət Departamenti 907-ci düzəlişin icrasının dayandırılması məsələsində irəliləməyəcəklərini və Ermənistanla Azərbaycan arasında prosesin davam etdirilməsini gözlədiklərini bildirmişdi. Buna görə də bu sürpriz olmamalıdır. Azərbaycan üçün həm ABŞ, həm də Avropa İttifaqının vasitəçilik səyləri baxımından heç bir irəliləyiş olmayanda və Qarabağın erməni sakinlərinin [oranı] tərk etmək məcburiyyətində qalmasına görə bu, təəccüblü olmamalı idi. Düşünürəm ki, istisnanın uzadılmaması Birləşmiş Ştatlar üçün müvafiq növbəti addım idi.
Amerikanın Səsi: Azərbaycan xarici maraqlı tərəflərin vasitəçiliyi ilə danışıqlarda iştirak etməyəcəyi və xaricdən kömək olmadan Ermənistanla danışıqlar üçün ikitərəfli formata üz tuta biləcəyinə işarə edib. Bununla bağlı nə düşünürsünüz? Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı gözləntiləriniz nədir?
Riçard Kazlariç: Biz bu mənzərəni əvvəllər həm Ermənistan, həm də Azərbaycan üçün məqbul olan forumlar axtararkən görmüşük. Bu, bir ay Moskva, növbəti ay Brüssel, növbəti ay Vaşinqton ola bilər. İndi isə belə görünür, bu, Gürcüstandır. Bilirsinizmi, mənim üçün danışıqların həqiqətən də baş tutduğunun sübutu Ermənistan və Azərbaycan rəsmiləri arasında razılaşmaya gətirib çıxaracaq sülh prosesinə başlamaq üçün aparılan danışıqlardır.
Amerikanın Səsi: Bir sualım bununla bağlıdır ki, bəzi müşahidəçilər Yaxın Şərqdə münaqişənin ABŞ-ın bütünlüklə diqqətini İsrailə və daha geniş regional münaqişə təhlükəsinə yönəltməsinə gətirib çıxardığını düşünürlər. Bu, ABŞ-ın regionda mövqeyinə və onun vasitəçi kimi fəaliyyətinə necə təsir göstərə bilər?
Riçard Kazlariç: Baxın, heç kim İsraillə HƏMAS arasındakı faciəvi münaqişənin bu şəkildə inkişaf edəcəyini gözləmirdi. Bir aydan artıqdır ki, bu məsələ dövlət katibinin, prezident Baydenin diqqətini tələb edir. Bu, əlbəttə ki, Ukraynada münaqişəni həll etmək səylərimizə kömək edə bilməz. Bu, Ermənistan və Azərbaycana münaqişənin həllində kömək etmək üçün davam edən səylərimizə kömək edə bilməz. Buna görə də bu, ABŞ-ın və müttəfiqlərimizin Cənubi Qafqaza həqiqətən ehtiyac olan diqqəti yetirmək qabiliyyətinə təsir edəcək çox ciddi bir hadisədir.