Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında paylaşdığı rəydə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri tənqid edib. O, Paueri və onun təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırıb.
Pauer çərşənbə axşamı X platformasında paylaşdığı videoda Azərbaycanın iki ay öncə başlatdığı hərbi əməliyyat nəticəsində 100,000 erməninin Qarabağı tərk etdiklərini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan edib.
ABŞ-ın köçkünlərə əlavə $4 milyon məbləğində humanitar yardım ayırdığını elan edən Samanta Pauer həmin köçkünləri qəbul etdiyi və onlara yardım göstərdiyi üçün Ermənistan hökumətinə minnətdarlığını bildirib.
“Bu yaxınlarda Ermənistana səfərim əsnasında mən Dağlıq Qarabağdan köçkün düşmüş insanlardan onların böyük iztirabları, məyusluqları və evlərindən qaçmağa məcbur olmaları haqda birbaşa eşitmək imkanı əldə etdim,” Pauer bildirib. “Biz onları və onları səxavətlə qəbul edənləri dəstəkləmək üçün əlimizdən gələni əsirgəməməkdə davam edəcəyik.”
Pauerə ünvanladığı mesajda Hikmət Hacıyev Birləşmiş Ştatların 30 il müddətində Azərbaycanın torpaqlarını işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş dövlətlə çiyin-çiyinə durduğunu qeyd edib.
Hacıyev USAID rəhbərini vaxtikən oliqarx və pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla əməkdaşlıqda ittiham edib. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”-nın dövlət naziri vəzifəsində çalışmış Vardanyan sentyabr ayında Azərbaycan hakimiyyət orqanları tərəfindən həbs olunub.
“Maskalar yırtılıb! USAID-nın Azərbaycanda fəaliyyətinə daha yer yoxdur,” Hacıyev bəyan edib.
Azərbaycan yüksək rütbəli rəsmisinin ABŞ rəsmisi ünvanına səsləndirdiyi fikirlər ABŞ və Azərbaycan arasında siyasi münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O’Brayn giriş nitqində Co Bayden administrasiyasının regional siyasəti haqda və sülh səyləri haqda danışmışdı.
“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn demişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi dəyərləndirmişdi.
ABŞ Senatının noyabrın 15-də “Ermənistanı Qoruma Aktı 2023” başlıqlı qanun layihəsini təsdiqləməsi də Azərbaycan Milli Məclisi tərəfindən sərt reaksiya ilə qarşılanıb. Azərbaycan parlamentinin üzvləri Azərbaycana ABŞ-ın hərbi yardımını qadağan edən 1992-ci il tarixli qanunun icrasını müvəqqəti dayandırmaq səlahiyyətini iki il müddətinə ləğv edən sənədin qəbulunu ABŞ-ın bir vasitəçi olaraq etimadına zərbə kimi qiymətləndiriblər.
Bu günlərdə Azərbaycanın hökumətyönümlü mətbuatında və digər kütləvi informasiya vasitələrində ABŞ-ın ünvanına tənqidlər yer alıb.