"Biz hər iki ölkənin rəhbərliyi ilə əlaqələri davam etdiririk, layiqli və davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğumuzu bildiririk".
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller noyabrın 20-də ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabında deyib.
“Ermənistan və Azərbaycanın birbaşa olaraq regionun xeyrinə problemləri müzakirə etməsi və həll etməsi vacibdir. Biz bu danışıqlara köməklik göstərməyə hazırıq. Biz digər ölkələrin bu danışıqların aparılmasında öz rolunu təklif etdiyini görmüşük”, o deyib.
Miller qeyd edir ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında danışıqlara köməklik göstərməyə hazırdır.
“Biz hər iki ölkənin davamlı razılaşma əldə etmək üçün birbaşa danışıqlar aparmasını vacib hesab edirik. Biz əvvəlki kimi bu danışıqlara köməklik göstərməyə hazırıq və digər ölkələrin belə səylərini alqışlayırıq", o bildirib.
Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina edib.
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını deyib.
ABŞ dövlət katibi köməkçisinin müavini həmçinin bildirib ki, tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyət saxlanılmalıdır.
“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn əlavə edib.
Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir ki, Azərbaycan noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir.
Azərbaycan Xarici İşlər Nazirliyi dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.
“Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır," şərhdə deyilir və əlavə olunur ki, ABŞ rəsmisi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasına etinasız yanaşıb.
Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
“ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüquqdur”, şərhdə qeyd edilir.