Bayden 81-ci ad gününü hind quşlarının əfvi ənənəsi ilə qeyd edir

Şükran bayramı günü iki hind quşu bazar ertəsi Ağ Evdə illik bayram ənənəsinə çevrilmiş tədbirdə öz rolunu oynayıb: Prezident onları kiminsə naharına çevrilməkdən qoruyub.

Milli hind quşu federasiyasının sədri və Jennie-O hind quşu mağazasının prezidenti Stiv Likken Associated Press agentliyinə verdiyi müsahibədə deyib ki, "Biz düşünürük ki, bu, tətil mövsümünə başlamaq üçün əla bir yoldur və həqiqətən də, çox əyləncəli bir şərəfdir".

Tədbir Vaşinqtonda tətil mövsümünün qeyri-rəsmi başlanğıcı hesab edilir.

ABŞ tarixinin ən yaşlı prezidenti olan Co Bayden bazar ertəsi 81 yaşını qeyd edir.

Günortadan sonra onun həyat yoldaşı, birinci xanım Cil Bayden Ağ Evin rəsmi Milad ağacı kimi Şimali Karolina ştatının Flitvud şəhərindən 5,6 metrlik küknar ağacını qəbul edəcək.

Lykken Liberty və Bell-i bazar günü Ağ Evə yaxın bir lüks otel Willard Intercontinental-da təqdim edib.

Quşlar qara Cadillac Escalade ilə Minnesotadan bir günlük yol səyahətindən sonra ABŞ paytaxtına qırmızı xalça ilə gəlib.

Likken deyib ki, təxminən 20 həftəlik və 19 kq ağırlığında olan erkək hind quşları iyul ayında Minnesota ştatının Vilmar şəhərində - Jennie-O-nun baş qərargahının yerləşdiyi yerdə - yumurtadan çıxıb.

Ənənə 1947-ci ildə hinduşka fermerləri və istehsalçılarını təmsil edən Milli Hind Quşu Federasiyasının ilk dəfə Prezident Harri Trumana Milli Şükran Günü hind quşu təqdim etdiyi vaxtdan qeyd edilir.

Lakin 1980-ci illərin sonlarında ənənə quşlara ikinci bir şans verilərək Şükran süfrəsindən xilas olmalarından sonra yumoristik bir mərasimə çevrilib.

Bayden quşları əfv etdikdən sonra Liberty və Bell Minnesota Universitetinin Qida, Kənd Təsərrüfatı və Təbii Sərvətlər Elmləri Kolleci tərəfindən baxılmaq üçün öz ştatlarına qaytarılacaq.