Sərhədsiz Reportyorlar təşkilatı bu gün noyabrın 20-də saxlanılan “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənlinin dərhal sərbəst buraxılmasına, Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərə son qoyulmasına çağırıb.
“Abzas Medianın ofisində axtarış aparılır və onun direktoru, Azərbaycan prezidentinin və yüksək vəzifəli məmurların korrupsiyasını işıqlandıran Ülvi Həsənli həbs edilib. Sərhədsiz Reportyorlar müstəqil mediaya edilən bu qəbuledilməz təzyiqə etiraz edir və onun dərhal sərbəst buraxılmasını tələb edir”, təşkilatın bəyanatında qeyd edilir.
Vəkili Zibeydə Sadıqovanın məlumatına görə, Ülvi Həsənli noyabrın 20-də xaricə səfər edərkən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilib. Azərbaycan polisi Abzas Media xəbər saytının Bakı şəhərindəki ofisində və Ülvi Həsənlinin evində axtarış həyata keçirib.
Sərhədsiz Reportyorlarla yanaşı Avropa Jurnalistlər Federasiyası və bir sıra digər beynəlxalq jurnalist təşkilatları da Ülvi Həsənlinin saxlanılması ilə bağlı narahatlıq ifadə ediblər.
“Jurnalist Ülvi Həsənli Baş Polis İdarəsində saxlanılır. Polis Abzas Medianın ofisində axtarış aparıb. Biz Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı təqibləri dayandırmağa çağırırıq”, Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez X səhifəsində yazıb.
“Forbidden Stories” beynəlxalq araşdırmaçı jurnalistlər təşkilatının direktoru Loran Rişar Həsənlinin saxlanılmasının, Abzas Medianın ofisində axtarış aparılmasının “utanverici və qəbuledilməz” olduğunu deyib. Fransalı jurnalist qeyd edib ki, Abzas Medianın araşdırmaları “onilliklər boyu hakimiyyətdə olan Əliyevlər klanının irimiqyaslı korrupsiyasına” yönəlib.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin oktyabrında Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusunu araşdırmaq üçün məruzəçi təyin edib. Ülvi Həsənli bu ilin aprel ayında AŞPA-nın bu mövzu üzrə keçirdiyi dinləmələrdə çıxış edərək Azərbaycanda media azadlığı və jurnalistlərin təhlükəsizliyinə qarşı təhdidlər, habelə “Media haqqında” yeni qanunun gətirdiyi məhdudiyyətlər barədə məlumat verib.
Hüquq-mühafizə orqanları Ülvi Həsənlinin saxlanılması ilə bağlı hələlik heç bir məlumat verməyib.