Şərqi Azərbaycan vilayətindəki xəstəxanalarda tibb işçilərinin çatışmazlığı həllini tapmır

Təbriz Tibb Elmləri Universiteti

Şərqi Azərbaycan vilayətində 7000 çarpayılıq 43 xəstəxanada 11 mindən çox tibb bacısı çalışır. Bu rəqəmləri Təbriz Tibb Elmləri Universitetinin tibb bacısı şöbəsinin müdiri Yusif Əşrəfi təqdim edib.

İran mediasının yaydığı məlumata görə, Yusif Əşrəfi vilayətdəki xəstəxanalarda 1700 tibb bacısının işə götürülməsi zərurətini açıqlayıb. O bildirib ki, vilayətin xəstəxanalarında bu qədər kadr alınarsa, bu vilayət ölkə üzrə orta göstəriciyə çatacaq.

Şərqi Azərbaycanda xəstəxana çarpayılarının sayı və tibb bacılarının sayı rəqəmlərindən verildiyi kimi hər çarpayıya düşən tibbi bacısı sayının az olduğuna görə, xəstələrə xəstəxana xidmətlərinin keyfiyyəti aşağı düşür.

Tibb bacılarının sayının xəstəxana çarpayılarının sayına nisbəti baxımından Şərqi Azərbaycan vilayəti dünya və ölkə üzrə orta göstəricilərdən uzaqdır.

İran mətbuatında yazılanlara görə, ötən il Şərqi Azərbaycan vilayətində xəstəxanalarda cəmi 140 yeni tibb bacısı işə götürülüb ki, bu da belə bir tendensiya ilə normal göstəricilərə çatmağın çox çətin olduğunu göstərir.

İran ümumilikdə tibb işçilərinin çatışmazlığı problemi uzun illərdir ki, mövcuddur və bu problem həllini tapmır. Bu sahədə tendensiya nəzərə alındığında mövcud şəraitin vəyaxşılaşmasına ümidlər şübhə ilə qarşılaşır. Çünki ölkədə tibb işçiləri zəhmətinin müqabilində yaxşı maaş almayan təbəqələrdəndir və onların maaşlarının az olması, yaşayış şəraiti bu təbəqənin etirazına səbəb olur.

SEE ALSO: Urmiyədə tibb işçiləri aksiya keçirib

Tibb işçiləri mövcud iş və məişət şəraitlərindən dolayı İranın müxtəlif şəhərlərində piket keçirirlər. Həmçinin ölkədən mühacirət edən tibb bacılarının sayının artması da, ölkə xəstəxanalarında tibb bacıları çatışmazlığına təsir qoyur. Bu barədə sinfi təşkilat olan "Tibb Bacısı Evi" təşkilatının rəhbəri keçən oktyabrda verdiyi müsahibədə hər il 2-3 min tibb işçisinin ölkədən mühacirət etdiyini, ölkədə kifayət qədər tibb bacısı olduğunu, ancaq verilən az miqdarda maaşla işə gəlmək istəmədiklərini qeyd edib.