İsrail bazar günü Fələstin militantları tərəfindən Qəzza zolağındakı Şifa xəstəxanasının altında qazılan tunelin videosunu paylaşıb. Fələstin anklavı boyunca yüzlərlə kilometrlik gizli tunellər, bunkerlər və giriş şaftlarından ibarət şəbəkəyə malik olduğunu etiraf edən HƏMAS bunların xəstəxanalar kimi mülki infrastrukturda olduğunu inkar edib.
Bazar günü Şifa əməliyyatları ilə bağlı yeni məlumatda İsrail hərbçiləri bildiriblər ki, onun mühəndisləri 10 metr dərinlikdə və partlayışa davamlı qapıya qədər 55 metr uzanan tunel aşkar ediblər.
“Bu tip qapılardan HƏMAS terror təşkilatı İsrail qüvvələrinin komandanlıq mərkəzlərinə və HƏMAS-a məxsus yeraltı obyektlərə daxil olmasını əngəlləmək üçün istifadə olunur”- deyə, beton dam örtüyü ilə dar keçidi əks etdirən video ilə müşayiət olunan hərbi bəyanatda deyilir.
Bu arada İsrailin işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi gecə reydlər zamanı iki fələstinli həlak olub.
İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq ABC-nin “Bu həftə” verilişinə deyib ki, İsrail “yaxın bir neçə gün ərzində [HƏMAS tərəfindən tutulan] xeyli sayda girovu azad edə biləcəyimizə ümid edir”.
ABŞ xəbərlərində HƏMAS-ın əlində saxladığı təxmini 240 girovdan 50-yə yaxınının, xüsusilə də qadın və uşaqların İsrailə qaytarıla biləcəyini bildirilir, lakin İsrail tərəfindən saxlanılan fələstinli məhbusların sayı və nə qədərinin azad ediləcəyi bəlli deyil.