İranda böyük Xələc Türkcəsi lüğəti nəşr edilib

Tehranda fəaliyyət göstərən “Əndişə-i Nov” nəşriyyatı böyük Xələc Türkcəsi lüğəti nəşr edib. Araşdırmaçı yazar Əli Əsgər Cəmrasinin hazırladığı “Xələccə-Farsca Cəmrasi Sözlüyü” bu günə qədər nəşr edilmiş ilk əhatəli Xələc türkcəsi lüğətidir.

1134 səhifəlik kitabda bu gün işlədilən, eləcə də artıq arxaik kəlmələr daxil olmaqla, təqribən 30 min kəlmə və terminin yer aldığı bildirilir.

İstifadəçilərin iştirakı ilə daim yenilənən UNESCO-nun onlayn Dünya Dillər Atlasında (WAL) Xələc türkcəsinin təhlükə altında olan bir dil olduğu və təqribən 100 min nəfər tərəfindən danışıldığı bildirilib.

Xələc türkləri ümumiyyətlə İranın Mərkəzi, Qum, Qəzvin və Tehran vilayətlərində yaşayır. Lüğətin müəllifi Əli Əsgər Cəmrasi Mərkəzi vilayətinin Fərahan şəhərində sakin olan xələc icmasındandır.

UNESCO veb səhifəsindən ekran görüntüsü

Cəmrasi kitabın giriş qismində lüğətdə dərc edilən sözlər və terminləri Fərahan, Aştiyan və Qumun Xələcistan bölgəsində yaşayan Xələc türklərindən topladığını bildirib.

“Bu lüğətdə Fərahan şəhərinin Təlxab qəsəbəsində danışılan ləhcə əsas seçilib. Çünki, burada 4 min nəfərlik böyük bir əhali xələccə danışır və türk dilinin bəzi səsləri hələ işlədilir və tələffüzləri dəyişməyib..,” lüğtin giriş qismində yazılıb.

Cəmrasi müəllifi olduğu lüğətin illər boyu Xələc türklərinin yaşadığı müxtəlif bölgələrdə apardığı araşddırmaların məhsulu olduğunu vurğulayıb.

SEE ALSO: Bilal Hatəmi: Xələc türklərinin dili və mədəniyyəti təhlükə altındadır [Audio]

Ekspertlər Xələc türkcəsinin özünəməxsus xüsusiyyətlərə malik olduğunu önə çəkirlər. Türkoloq Toğrul Atabay Amerikanın Səsi ilə söhbətdə Xələc türkcəsinin “türk ləhcələri arasında ən əski özəlliklərə sahib olan bir ləhcə sayıldığını” ifadə edib.

Atabayın dediyinə görə, “Xələc türkcəsi yaşayan türk ləhcələri arasında ən əski özəlliklərə sahib olan ləhcə sayılır. Xələccə əski türkcə deyilən dönəmə aid olan Orxon-Yenisey abidələrindən də daha əski bir dönəm olub və əlimizə yazılı əsəri çatmayan Ana Türkcə dönəminin (I-V əsrləri) tək qalıntısır.”