Zelenski və Zalujnı: Cəbhədə vəziyyət “mürəkkəbdir”

Ukraynada cəbhənin bir sıra sektorlarında vəziyyət Ukrayna qoşunları üçün “çətin”, lakin “nəzarət altındadır”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braunla söhbətində bildirib.

Zalujnı xüsusilə Rusiya qoşunlarının Avdeyevka, Marinka və Kupyansk yaxınlığında irəliləmək cəhdlərinə işarə edib. Zalujnının dedikləri Ukrayna prezidenti Volodimir Zelenskinin sözləri ilə üst-üstə düşüb, o da axşam çıxışında cəbhədə vəziyyətin "çətin" olduğunu deyib və mövqelərini qoruyan hərbçilərə təşəkkür edib.

Amerika Müharibə Tədqiqatlar İnstitutunun (ISW) analitiklərinin fikrincə, son günlər Rusiya qoşunları Avdeyevka yaxınlığında fəallaşıb və onlar orada irəliləyiş əldə edir. Rusiyalı hərbi blogerlər də eyni şey haqqında yazırlar. Rusiya qoşunları Avdeyevkanın şimalına yavaş-yavaş irəliləyir. Müdafiəni yarmaqdan söhbət getmir, inadkar döyüşlər gedir.

Zalujnının Braunla söhbətinə dair məlumatda deyilir ki, Ukraynaya lazımi hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsinin müzakirəsinə xüsusi diqqət yetirilib.

Dövlət Departamentinin nümayəndəsinin də təsdiqlədiyi kimi, eyni məsələ Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak arasında keçirilən görüşdə də müzakirə olunub. Dövlət Departamentinin görüşlə bağlı məlumatında deyilir ki, tərəflər cəbhədəki vəziyyəti və qışa hazırlığı, xüsusilə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukraynanın mühüm infrastrukturunun hava hücumlarından qorunmasının gücləndirilməsini müzakirə ediblər. Yermak da öz növbəsində ABŞ-a göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan dünən Vaşinqtonda keçirdiyi brifinqdə Konqresi yeni maliyyə ili üçün Ukraynaya yardımın ayrılmasını mümkün qədər tez təsdiqləməyə çağırıb. Onun sözlərinə görə, bunsuz ABŞ administrasiyasının Kyivə yardım göstərmək imkanları “hər həftə azalır”.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da bir gün əvvəl Bloomberg saytında Avropa İttifaqının gələn ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük etmək vədini yerinə yetirə bilməyəcəyinə dair yazısını doğru adlandırıb. O, siyasi iradənin çatışmazlığını deyil, "müdafiə sənayesinin acınacaqlı vəziyyətini" və bürokratiyanı günahlandırıb.

Zelenski və Zalujnı arasında bu yaxınlarda hərbi münaqişənin yaxın perspektivləri ilə bağlı qiymətləndirmələrində fikir ayrılığı olub. Zalujni cəbhədəki vəziyyəti dalana dirənmiş kimi xarakterizə etsə də, Zelenski belə düşünmür. Eyni zamanda, hər ikisinin sözlərindən belə çıxır ki, onlar Ukraynaya kifayət qədər miqdarda hərbi texnika, ilk növbədə hava hücumundan müdafiə sistemləri, eləcə də elektron müharibə ilə təmin olunarsa, Ukrayna ordusunun uğurlu hücumu həyata keçirə biləcəyinə inanırlar.