Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisinin Avropaya nəqli ilə bağlı müzakirə aparıb

Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisi ilə bağlı müzakirə aparıb (Mənbə: Azərbaycan İqtisadiyyat Nazirliyi)

Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisinin Avropaya nəqli imkanlarını müzakirə edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X (keçmiş Twitter) hesabında yazıb ki, müzakirələr noyabrın 14-də Bakıda keçirilən “Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə elektrik enerjisinin ixracı perspektivləri” adlı tədbirdə aparılıb.

“Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə iştirak etdiyimiz Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli olub. Ölkələrimiz arasında bərpa olunan enerjiyə fokuslanan tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin nəqli imkanlarını müzakirə etdik”, Cabbarov bildirib.

Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bu məqsədlə Bərpa Olunan Enerji Mənbələri (BOEM) hesabına ümumilikdə təxminən 1500 MVt yeni generasiya güclərinin yaradılması nəzərdə tutulub.

2022-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 28,9 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı Su Elelktrik Sransiyalarında 1595.7 mln. kVt·st, digər mənbələr üzrə isə 349,5 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 faizini təşkil edib.

Bununla yanaşı Azərbaycan dünyanın bir sıra tanınmış şirkətləri ilə bərpa olunan enerji istehsalı və tranziti ilə bağlı çoxsaylı sazişlər imzalayıb.

Bu il iyunun 1-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazovla Azərbaycanın ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.

Görüşdə Xəzərdən “yaşıl enerji” istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.