Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda xidmət müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Türkiyə Böyük Millət Məclisinin məlumatında Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən qanun layihəsində Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci ildə imzaladığı Üçtərəfli Bəyanatında nəzərdə tutulan fəaliyyətlərin "Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi uğrunda mübarizədə uğurları nəticəsində həyata keçirildiyi bildirilir".
Sənəddə Azərbaycanın 19-20 sentyabr 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatından sonra Qarabağda qeyri-qanuni separatçı rejimin və onlara bağlı silahlı birləşmələrin ləğv edildiyi və faktiki işğala tamamilə son qoyulduğu vurğulanır.
“Azərbaycanla Ermənistan hələ sülh sazişi barədə razılığa gəlməyib. Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını beynəlxalq hüquq normaları və qanuni suveren hüquqlar əsasında müdafiə edə bilməsi üçün prosesin əvvəlindən ona güclü dəstək verən Türkiyə bundan sonra da bu prosesə mühüm töhfələr verməkdədir. Bölgədə sülhün və sabitliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastruktur canlandırılır. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Birgə Mərkəzin fəaliyyəti uğurla davam etdirilir. Türkiyə bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verir”, qanun layihəsində qeyd edilir.
2020-ci ildə 44 günlük müharibədən sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan lideləri Azərbaycan və Ermənistan arasında döyüşlərin dayandırılması barədə bəyanat imzalayıb.
Sənədə əsasən, Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi təsis edilib.
2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün səlahiyyət verib.