ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma noyabrın 12-dən 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.
Bu barədə Finlandiya parlamentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, səfərin məqsədi Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı durum barədə ATƏT Parlament Assambleyasına məlumat təqdim etməkdir.
Pia Kauma səfərdən öncə deyib ki, ATƏT Parlament Assambleyası bir təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda platforma ola bilər.
Noyabrın 13-də Pia Kauma Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb.
Azərbaycan Prezident Administrasiyasının məlumatına görə Prezident Əliyev bildirib ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb.
“Regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdə keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz,” Azərbaycan prezidenti qeyd edib.
Əliyevin sözlərinə görə, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var.
“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb,” Əliyev deyib.
Görüşdə qeyd edilib ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.
ATƏT Parlament Assambleyasının Prezidenti səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri, parlamentin spikeri və Azərbaycan parlamentinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti, Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə də görüşəcək.
Azərbaycandan sonra ATƏT Parlament Assambleyasının Prezidenti Gürcüstana gedəcək. O, Prezident Salome Zurabişvili, parlamentin spikeri, bir neçə nazir, ölkənin ATƏT Parlament Assambleyasındakı missiyası, hökumət və müxalifət partiyalarından olan parlament üzvləri ilə görüşəcək.
Pia Kauma Rusiyanın işğalı altında olan Cənubi Osetiya bölgəsini Gürcüstan ərazisindən ayıran təmas xəttinə baş çəkəcək.
O, Ermənistanda Cənubi Qafqaz səfərini başa çatdıracaq. Pia Kauma Ermənistanda baş nazir Nikol Paşinyan, parlamentin spikeri, xarici işlər naziri, ATƏT-in baş katibi Helqa Şmid ilə görüşəcək. O, Yerevanda həmçinin Dağlıq Qarabağdan olan olan qaçqınlara baş çəkəcək.
Ermənistanda ikitərəfli görüşlərdən sonra Kauma noybarın 18-20-də ATƏT Parlament Assambleyasının Yerevanda keçiriləcək payız sessiyasına sədrlik edəcək.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı dünyada təhlükəsizliklə məşğul olan ən geniş regional təşkilatdır. Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, ABŞ və Kanada bu təşkilatın üzvüdür.
Parlament Assambleyası Nazirlər Şurasına tövsiyə və təkliflər verir, aktual siyasi hadisələrlə bağlı bəyanatlar qəbul edir. Parlament Assambleyasında 56 ölkədən 323 deputat iştirak edir.
Pia Kauma bu ilin iyulunda Parlament Assambleyanın Prezidenti seçilib.