Xankəndində Stepan Şaumyanın abidəsinin söküldüyü bildirilir

Stepan Şaumyanın abidəsi (Mənbə: Sosial şəbəkə)

Xankəndi şəhərində Rusiya bolşevik partiyasının nümayəndəsi olmuş Stepan Şaumyanın abidəsinin söküldü bildirilir.

Bu barədə sosial şəbəkələrdə məlumatlar və fotolar yayılıb.

Rusiya Kommunist Partiyasının lideri Vladimir Leninin müttəfiqi olan Stepan Şaumyan 1917-ci ilin dekabrında onun tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilib. 1918-ci ilin martında Şaumyanın başçılıq etdiyi Bakı Sovetinə tabe olan silahlı dəstələr Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər şərq rayonlarında azərbaycanlılara qarşı qırğınlar törədib. Tarixi məlumatlara görə, bu qırğınlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.

1918-ci ilin avqustunda Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti ləğv edilib və onun komissarları “Sentrokaspi diktaturası” tanınmamış menşevik (Sosialist İnqilabçılar Partiyası-red) hökuməti tərəfindən həbs edilib. 1918-ci ilin sentyabrında Bakı komissarları Krasnovodsk şəhərinə aparılaraq Türkmənistan səhralarında güllələnib.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan və onun tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Xankəndi şəhəri Stepan Şahumyanın şərəfinə “Stepanakert” adlandırılıb.

Xatırladaq ki, 2009-cu ildə Bakıda “26 Bakı komissarı” abidə kompleksi sökülüb və onların cəsədlərinin qalıqları şəhər qəbiristanlığında dəfn edilib.