Qəzzadakı ən böyük xəstəxana olan Şifa xəstəxanasında sığınan minlərlə fələstinli cümə günü İsrailin xəstəxanın həyəti və doğum şöbəsinə hava hücumundan sonra qaçmağa başlayıb. Həmasın idarə etdiyi Qəzzada səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl-Qidra deyib ki, orada on minlərlə insan sığınmışdı.
Sosial mediada yayılan və digər xəbər agentlikləri tərəfindən təsdiqlənən videoalarda köçkünlərin yatdığı Şifanın poliklinika şöbəsi yaxınlığında üstü örtülü açıq hava sahəsində hərc-mərclik yarandığı göstərilib.
İsrail ordusu iddia edir ki, HƏMAS xəstəxanaların içində və altında gizlənir və Şifanın altında komandanlıq mərkəzi qurub. HƏMAS və xəstəxana bunu inkar edir.
İsrail HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubunda, əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox insanın ölümünə səbəb olan terror hücumuna cavab olaraq hücuma başlayıb. Həmas həmçinin 240-a yaxın adamı girov götürüb. ABŞ, Böyük Britaniya, Aİ və digər Qərb ölkələri HƏMAS-ı terror təşkilatı kimi tanıyıb.
Ərazidən neçə nəfərin qaçdığı hələ ki, bəlli deyil. Telefon və internet bağlantısının pozulması səbəbilə Xəstəxanadakı həkimlərdən dərhal şərh almaq mümkün olmayıb.
Şifanın direktoru deyib ki, İsrail xəstəxananın dərhal evakuasiya edilməsini tələb edib, ancaq o, pasientlərin gedəcək yerinin olmadığını deyir.
“Biz onları hara evakuasiya edəcəyik?” Şifanın direktoru Məhəmməd Əbu Selmia televiziyada yayımlanan müsahibəsində sual edib.
Fələstinli Qırmızı Aypara Cəmiyyəti cümə günü bildirib ki, Qəzzada əl-Qüds xəstəxasında İsrail qüvvələrinin açdığı atəş nəticəsində bir nəfər ölüb, 28 nəfər yaralanıb.
Qızıl Aypara Cəmiyyətinin bəyanatına əsasən, xəstəxananı hədəf alan snayper atəşi nəticəsində xəsarət alanların əksəriyyəti uşaqlardır və ikisinin vəziyyəti ağırdır.
Qəzzada 2.2 milyon insanın yarısı şimalda gedən döyüşlər nəticəsində evlərindən didərgin düşüb. BMT-nin insan hüquqları idarəsinin başçısı Volker Türk cümə günü İsrailin mühasirə altında olan anklavda “yüksək təsirə malik partlayıcı silahlar”dan istifadə etməsi ilə bağlı təhqiqatın aparılmasına çağırıb və onların sıx məskunlaşan zolaqda ixtiyari dağıntılara səbəb olduğunu bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken cümə günü deyib ki, Qəzza zolağında mülki vətəndaşları qorumaq və humanitar yardımın onlara çatdığından əmin olmaq üçün “daha çox iş görülməlidir.”
Yaxın Şərq və Asiaya doqquz günlük səfərinin son dayanacağı olan Yeni Dehlidə müxbirlərlə danışan Blinken deyib ki, İsrailin fələstinlilərə Qəzzanın şimalından cənubunda getmək üçün hərbi əməliyyatlara fasilə verməsi və ikinci təhlükəsiz dəhlizin yaranması müsbətdir, amma onlar kifayət deyilş
O deyib ki, İsrail Qəzzada HƏMAS qrupuna qarşı amansız müharibəsi zamanı “həddindən artıq çox” fələstinli ölüb və əziyyət çəkib.
HƏMAS-ın nəzarət etditi Qəzzada səhiyyə nazirliyinin cümə günü yaydığı bəyanata əsasən, oktyabrın 7-dən bəri İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 4506-sı uşaq olmaqla azı 11 078 fələstinli həyatını itirib.
Nazirlik bildirib ki, 21 xəstəxana istismardan çıxıb, 47 sağlamlıq mərkəzi isə fəalliyət göstərmir.
İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı Fox News-a deyib ki, İsrail Qəzzanı fəth etmək, işğal etmək və ya idarə etməkdə maraqlı deyil. Lakin İsrail lideri atəşkəsdə də maraqlı olmadığını deyib.
"Həmas ilə atəşkəs təslim olmaq deməkdir" deyə o bildirib.
Bu həftənin əvvəlində İsrail lideri İsrailin Qəzzanın təhlükəsizliyindən cavabdeh olacağını deyib, lakin bunun necə olacağına dair detalları açıqlamayıb.
Netanyahu bildirib ki, HƏMAS-ın İsraildəki hücumları kimi militant təhdidlərin qarşısını almaq üçün Qəzzada “etibarlı qüvvə” qurulmalıdır.
Bu arada isə Ağ Ev cümə axşamı bildirib ki, İsrail Qəzzanın şimalında HƏMAS-a qarşı hərbi əməliyyatlarda gündəlik dörd saatlıq fasilələr tətbiq etməyə başlayacaq.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, fasilələr fələstinlilərə iki humanitar yolla qaçmağa vaxt verəcək və müharibədəki tələfat dayını azaltmaq yolunda əhəmiyyətli addım olacaq.
“İsraillilər bizə bildiriblər ki, fasilə müddətində bu ərazilərdə heç bir hərbi əməliyyat olmayacaq və bu proses bu gün başlayır,” Kirbi jurnalistlərlə bildirib və əlavə edib ki, fasilələr ideyası Prezident Co Bayden ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı müzakirələr zamanı gündəmə gəlib