İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iqtisadi-ticarət əlaqələri və İsrail-Fələstin problemi diqqət mərkəzində olub

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı (Mənbə: Azərbaycan Prezident Adminsitrasiyası)

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı zirvə toplantısı keçirilir.

Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçısları iştirak edir.

Zirvə görüşündə İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə edilir. Sammitdə İsrail-Fələstin problemi də diqqət mərkəzində olub.

İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Adminsitrasiyası)

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu İƏT-in üzv dövlətləri üçün açıqdır.

“Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmiryolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”, o qeyd edib.

Şavkat Mirziyoyev (Mənbə: Özbəkistan Prezident Administrasiyası)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Yaxın Şərqdə sülh və təhlükəsizliyə ciddi qlobal təhlükə yaradan Fələstin-İsrail müharibəsi İƏT-ə üzv dövlətləri çox narahat edir.

“Təəssüf ki, qanlı münaqişənin qurbanları ilk növbədə dinc əhalinin çoxsaylı nümayəndələri, xüsusən də qadınlar, uşaqlar və qocalardır. Bölgəyə yayılan müharibə təhlükəsi getdikcə reallaşır.

Biz bu qarşıdurmanın genişmiqyaslı münaqişəyə çevrilməsinə imkan verməməliyik. Biz tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, dinc danışıqlara başlamağa və ağlabatan kompromis əldə etməyə çağırırıq.

Biz bir daha öz qəti mövqeyimizi bildiririk - Fələstin xalqının öz müstəqil dövlətini yaratmaq hüququ var və bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələri ilə təsdiqlənir”, Prezident bəyan edib.

Onun sözlərinə görə, təşkilata üzv dövlətlər yarım milyard əhalisi olan geniş regiondur.

“Regionumuz ticarət-iqtisadi, sənaye, investisiya, innovasiya və nəqliyyat sahələrində əlaqələrin inkişafı üçün çox böyük potensiala malikdir. Təhlildən göründüyü kimi, qlobal böhrana baxmayaraq, iqtisadiyyatlarımız davamlı inkişaf templəri nümayiş etdirir”, o qeyd edib.

Onun sözlərinə görə, üzv dövlətləri ümumi ticarət və nəqliyyat dəhlizləri, enerji şəbəkələri birləşdirir.

O, qarşılıqlı ticarətin stimullaşdırılmasından danışarkən deyib ki, ötən il üzv ölkələr arasında ticarət dövriyyəsi 85 milyard dollar təşkil edib.

“Bu, təşkilatın üzvü olan ölkələrin ümumi xarici ticarətinin cəmi 8 faizini təşkil edir. Təəssüf ki, güzəştli ticarət müqaviləsi bağlamaq cəhdləri uzun illər gözlənilən nəticəni vermədi. Problemsiz ticarətə nail olmaq üçün hələ də çoxlu məhdudiyyətlər və problemlər mövcuddur”, o qeyd edib.

Prezident nəqliyyat və kommunikasiyanın qarşılıqlı əlaqəsinin gücləndirilməsini vacib sayır.

“Üzv ölkələrin əksəriyyətinin dənizə birbaşa çıxışı yoxdur. Eyni zamanda, biz Asiya-Sakit okean regionu, Cənubi Asiya, Yaxın Şərq və Avropanın əsas bazarlarına qoşulan və ərazilərimizdən keçən transkontinental nəqliyyat dəhlizlərinin potensialından maksimum istifadə etməliyik. Gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan marşrutu və Trans-Əfqan yolu boyunca multimodal dəhlizlərin işə salınması bütün üzv dövlətlərin maraqlarına cavab verir. Mən digər üzvləri noyabrın 2-də Daşkənddə Özbəkistan - Türkmənistan - İran - Türkiyə nəqliyyat dəhlizinin inkişafı, qarşılıqlı tarif və rüsumların optimallaşdırılması ilə bağlı nəqliyyat nazirlərinin iclasında qəbul edilmiş sənədə qoşulmağa çağırıram. Qeyd edim ki, Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşıma məlumatlarının rəqəmsallaşdırılmasını həyata keçirib və digər ölkələrlə də analoji layihələr həyata keçirilir”.

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı (Mənbə: Azərbaycan Prezident Adminsitrasiyası)

Şavkat Mirziyoyev həmçinin üzv dövlətləri sənaye kooperasiyasının aktivləşdirilməsinə, işgüzar əlaqələr və sənaye qovşaqlarının formalaşdırılmasına, zəmanətli enerji təhlükəsizliyinin təmin edilməsinə, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunmasına, turizmi, mədəni və humanitar sahədə əlaqələrin gücləndirilməsinə çağırıb.

“Hazırda təşkilatın məkanında YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 90-a yaxın abidə var, hər il ölkələrimizə 80 milyona yaxın xarici turist gəlir. Transsərhəd istiqamətlərin artan populyarlığını nəzərə alaraq, “İpək Yolu” brendi altında birgə turizm marşrutlarının tətbiqini və ümumi turizm proqramlarının artırılmasını təklif edirəm”, o qeyd edib.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Mərkəzi Asiya və Yaxın Şərq ölkələri tərəfindən yaradılmış regional dövlətlərarası iqtisadi təşkilatdır, 1977-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis edilmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının varisidir.

1992-ci ilin əvvəlinə qədər İqtisadi əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əsasən ikitərəfli xarakter daşıyırdı. 1992 -ci ildən təşkilatın fəaliyyəti 7 yeni dövlətin- Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın könüllü qoşulması ilə əhəmiyyətli dərəcədə fəallaşıb.

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri arasındakı münasibətlərdə iqtisadi komponentlər üstünlük təşkil edir və siyasi istiqamət daha az ifadə olunub.