ABŞ Dövlət katibi Antoni Blinken İsrailin HƏMAS militantlarına qarşı müharibəsindən sonra “keçid dövrünün” lazım ola biləcəyini etiraf etsə də, Qəzzanı yenidən zəbt etməməsi barədə İsrailə xəbərdarlıq edib.
Çərşənbə günü Tokioda "Böyük Yeddilik Qrupu"nun (G7) sammiti çərçivəsində keçirilən mətbuat konfransında Blinken ABŞ-ın keçən ay İsrailə hücumdan sonra HƏMAS-ı devirmək səylərinə dəstəyini bir daha təsdiqləyib.
Lakin Blinken "İsrailin Qəzzanı zəbt edə bilməyəcəyi aydındır" deyə bildirib.
“İndi reallıq ondan ibarətdir ki, münaqişənin sonunda hansısa keçid dövrünə ehtiyac ola bilər. Lakin Fələstin xalqının Qəzzada və İordan çayının qərb sahilində də idarəetmənin mərkəzində olması vacibdir,” o, əlavə edib.
Çərşənbə axşamı ABC News-a müsahibə verən İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin münaqişə bitdikdən sonra Qəzzada “qeyri-müəyyən müddətə” təhlükəsizlik rolunu oynayacağını bildirib.
Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzada quru əməliyyatlarını və hava hücumlarını gücləndirməsi nəticəsində 4000-dən çoxu uşaq olmaqla, 10 mindən çox fələstinli həlak olub.
Netanyahu israr edib ki, Həmas tərəfindən girov götürülənlər azad olunmayana qədər atəşkəs olmayacaq. Lakin o, çərşənbə axşamı təklif edib ki, "bir saatlıq taktiki kiçik fasilələr " mümkündür.
Çərşənbə günü yaydığı birgə bəyanatda G7 xarici işlər nazirləri humanitar yardımın çatdırılması və girovların azad edilməsi üçün “humanitar fasilələr və dəhlizlər” yaratmağa çağırıb.
G7-nin bəyanatında həmçinin Ukraynanın Rusiyaya qarşı müdafiəsini “lazım olduğu müddətcə” dəstəkləyəcəyinə söz verilir, Rusiya-Şimali Koreya arasında iddia edilən silah əməliyyatları pislənir və Çinin geniş spektrli hərəkətləri tənqid edilir.
G7 xarici işlər nazirləri iki günlük görüşdən sonra verilən birgə bəyanatda digər qlobal məsələlərin geniş spektrinə toxunublar.
G7 liderləri sammit zamanı hökumətlərinin Ukraynanın müdafiəsi ilə bağlı “sabit öhdəliyinin” “heç vaxt sarsılmayacağına” söz veriblər.
Bəyanatda deyilir ki, “Biz nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında olacağıq.
Bəzi analitiklər İsrail-Qəzza münaqişəsinin beynəlxalq diqqəti Ukrayna-Rusiya müharibəsindən yayındıra biləcəyindən narahat olduqlarını bildiriblər.
Yaponiyadakı Sendai Şirayuri Qadın Kollecində beynəlxalq münasibətlərdən dərs deyən Sebastian Maslowun sözlərinə görə, bu cür narahatlıqlar əsaslıdır.
"Biz indi diqqət iqtisadiyyatında yaşayırıq" deyən Maslow bildirir ki, G7 hökumətləri bilirlər ki, Ukraynaya dəstəyini yumşaltsalar, “bu, Rusiyaya və Çinə güclü siqnal göndərəcək ki, G7-nin fundamental regional böhranı həll etmək qabiliyyəti yoxdur”.
G7 görüşlərindən sonra Blinken Cənubi Koreyanın yüksək səviyyəli liderləri ilə görüşlər keçirmək üçün Seula yola düşüb. ABŞ rəsmilərinin sözlərinə görə, Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq gündəmin əsas mövzusu olacaq.
Vaşinqton və Seul Şimali Koreyanın nüvə və ballistik raket proqramlarını davam etdirdiyi və casus peyki buraxmaq üçün üçüncü cəhdə hazırlaşdığı bir vaxtda Pxenyan tərəfindən artan təhdidlərə qarşı birgə çəkindirməni gücləndirəcəklərinə söz veriblər.
G7-nin bəyanatında Şimali Koreyanın son silah sınaqları, eləcə də Şimali Koreyadan Rusiyaya silah təhvilinin BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa pozulduğu üçün kəskin şəkildə pislənilib.