Moskvada ilk dəfə səfərbər olanların həyat yoldaşları ərlərinin evlərinə qayıtması tələbi ilə piket keçiriblər

Moskvada həyat yoldaşları Ukraynaya qarşı müharibəyə səfərbər edilmiş onlarla qadın onların evlərinə qayıtması tələbi ilə piket keçirib. Bu barədə “Vajniye istorii” saytı öz müxbirlərinə istinadən xəbər verir.

Piket şəhərin mərkəzində, Teatr meydanında keçirilib. Eyni zamanda orada kommunistlərin Oktyabr inqilabının 106-cı ildönümünə həsr olunmuş mitinqinin də keçirildiyi bildirilir.

Səfərbər olunanların yaxınları deyirlər ki, onlar öz ictimai aksiyalarını keçirmək üçün rəsmi müraciət etsələr də, Moskva hakimiyyəti Covid məhdudiyyətləri bəhanəsi ilə buna icazə verməkdən imtina edib. Beləliklə, onlar kommunistlərin mitinqinə qoşulublar. Lakin onların piketi beş dəqiqədən çox çəkməyib.

"Sonra polis gəldi, əsas təşkilatçını çağırdılar və bizi kənara çəkdilər. Züqanov bizə yaxınlaşdı və biz razılaşdıq ki, mavzoleyə gül dəstələri qoyandan sonra müraciətimizi ona çatdıraq" - deyə, aksiya iştirakçılarından biri bildirib.

Səfərbərlik edilənlərin həyat yoldaşları mütəmadi olaraq sosial şəbəkələrdə aksiyalar keçirir, ərlərinin evə qaytarılmasını və ya xidmət şəraitinin yaxşılaşdırılmasını tələb edən videomüraciətlər çəkirlər.

Oktyabrın sonunda Voloqda çağırışçılarının qohumları 347-ci alayın hərbiçilərinin oktyabrın 12 və 14-də Donetskin İvanovka kəndi ərazisində texnika və təlim olmadan hücuma necə göndərildiyi barədə video çəkiblər. Bunun nəticəsində onlardan ikisi həlak olub, on nəfər isə yaralanıb. Lakin çağırışlarının qohumları hələ də kütləvi şəkildə piketlərə çıxmayıblar.