Medianın İnkişafı Agentliyi (MİA) "Dünya" İnformasiya Agentliyinin (dia.az) fəaliyyətinə xitam verilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edib. Bu barədə saytın baş redaktoru Məhəmməd Ərsoy məlumat verib.
Media İnkişafı Agentliyi saytın məhkəməyə verilməsini "Media haqqında" Qanunun 73.1-ci maddəsi ilə əsaslandırıb.
Agentliyin məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunur ki, qanunun 73.1-ci maddəsinə görə saytlar Media Reyestrindən keçməlidirlər, amma "dia.az" indiyədək reyestrə müraciət etməyib.
Məhəmməd Ərsoyun sözlərinə görə bu günə qədər çox sayda sayt reyestrə müraciət edib, amma onları qeydə almayıblar. O, saytın qeydiyyatdan keçməməsinin səbəbini bürokratik problemlərlə əsaslandırır.
"Oxşar saytlar da qeydiyyata alınmayıb, ona görə də bilirdim ki, müraciət etsəm də bizim saytımızı qeydiyyata almayacaqdılar", o bildirib.
Baş redaktor deyib ki, sayt artıq xəbər saytı kimi yox, "Məhəmməd Ərsoyun bloqu" kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, qanunda bloqların fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı bir müddəa yoxdur.
Media eksperti, "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa Amerikanın Səsinə verdiyi açıqlamada deyib ki, əvvəldən Media Agentliyinin "bu fikirləri yaymaqla manipulyasiyaya yol verdiyini bilir və deyirdik".
"Çünki qanun olduqca mürtəce müddəaları özündə əks etdirir və bu da ümumilikdə ağır olan media mühitinin tamamilə siyasi hakimiyyətdən asılı hala salmaq və ya məhv etməyə yönəlmişdi. Media Agentliyi ictimai qınağı nəzərə alaraq belə yalan informasiyalar yayır, açıqlamalar verirdilər ki, saytlar bağlanmayacaq, lakin artıq hərəkətə keçiblər. Bu qanun Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir. Venesiya Komissiyası da bu qanuna mənfi rəy verib, amma Azərbaycanda hüquq yoxdur, hüquq sistemi hakimiyyətin əlində alətə çevrilib. Ona görə də verilən qərarlar birbaşa siyasidir. Lakin buna baxmayaraq, internet əsrində belə mürtəce addımlarla heç nəyə nail ola bilməcəyəklər. Hesab edirəm ki, bu addım ciddi beynəlxalq reaksiyalarla da üzləşəcək. Azərbaycan tam avtoritar bir ölkə olduğundan heç bir beynəlxalq reaksiyaya, rəyə əhəmiyyət verməməyə çalışır, amma belə davam edə bilməz. Hakimiyyət Qarabağ zəfərinin eyforiyasını media və insan hüquqlarının məğlubiyyəti, məhv edilməsi üzərində inşa edə bilməz", Şəmşad Ağa bildirib.
Media ekspertinin sözlərinə görə qanunun Konstitusiya və Konvensiyaya uyğunluğunun yoxlanılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər. Lakin o hələlik bir nəticənin olmadığını bildirib.
"Biz bütün hüquqi müstəviləri dəyərləndirəcəyik və bununla yanaşı, insanların informasiyaya çatımlığını təmin etmək üçün alternativ yollar və platforamalar haqqında düşünəcəyik. Əslində, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana vaxt verib ki, qanun dəyişdirilsin, bunlar isə əksinə, hikkə ilə dirəniş göstərib medianı tamamilə məhv etməyi planlaşdırırlar. Görək bu proses nə qədər davam edəcək" - deyə, Şəmşad Ağa qeyd edib.
İndiyə qədər 50-yə qədər saytın reyestrə müraciətinə baxılmayıb və ya onlara imtina cavabı gəlib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.
Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb.
2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.
Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.
Qanuna görə media subyektləri və jurnalistlər 6 ay ərzində Media Reyestrinə müraciət etməli idilər.
Bundan başqa, "Media haqqında" Qanuna Venesiya Komissiyası mənfi rəy verib. Komissiyanın rəyində qeyd olunub ki, qanun mürtəcedir və Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanun qəbul oluna bilməz.
Qanunun Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olunduğunu əsas gətirən jurnalistlər və media rəhbərləri - Şəmşad Ağa, Ülvi Həsənli və Vüqar Qurdqanlı Konstitusiya Məhkəməsinə müraciət ediblər.
Onların müraciətində qeyd olunub ki, Konstitusiya Məhkəməsi qanunun Konstitusiya və Konvensiyaya uyğunluğunu mübahisələndirməlidir. Lakin üstündən bir neçə ay vaxt keçsə də, Konstitusiya Məhkəməsi hələ də işə baxmayıb.
Beynəlxalq təşkilatlar, Avropa Şurasının həmməruzəçiləri və Avropa Şurası Nazirlər Komitəsi də qanunun mürtəce olduğunu əsas gətirərək dəyişdirilməsini tələb ediblər.