Qəzza zolağından 8 azərbaycanlı təxliyyə olunub

Qəzza bölgəsindən bir neçə gün əvvəl bir gün ərzində 8 nəfər azərbaycanlı təxliyə olunub. Bu barədə Amerikanın Səsinə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, İsraildən vətəndaşların evakuasiyası nəzərdə tutulmur.

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.

BMT agentlikləri və beynəlxalq xeyriyyə təşkilatları Qəzzada təcili humanitar atəşkəsə çağıran nadir birgə bəyanat yayıb. “Təxminən bir aya yaxındır ki, dünya İsrail və İşğal olunmuş Fələstin ərazilərində baş verən vəziyyəti şok və dəhşət içində izləyir. On minlərlə insan evindən didərgin düşüb. Bu, dəhşətdir”, bəyanatda deyilir.

Qruplar İsraildə ən azı 1400 nəfərin öldürüldüyünü, 200-dən çox insanın girov götürüldüyünü qeyd edib.

"Qəzzada daha çox dinc sakinin dəhşətli şəkildə öldürülməsi 2,2 milyon fələstinlinin qida, su, dərman, elektrik və yanacaqdan məhrum edilməsi dəhşət doğurur", bəyanatda deyilir.

Bəyanatı yayan qrupdakı bəzi agentliklər arasında ÜST, UNICEF, Dünya Ərzaq Proqramı, CARE International, Save the Children və Mercy Corps da var.

İsrail bildirib ki, Qəzza zolağında HƏMAS-a endirdiyi zərbələr Fələstin ərazisini faktiki olaraq iki yerə bölüb.

İsrail qüvvələri "Qəzza şəhərini mühasirəyə alıb. İndi Qəzzanın cənubu və Qəzzanın şimalı var", ordu sözçüsü Daniel Hagari deyib.

ABŞ Dövlət Katibi Antoni Blinken regionu bürüyə biləcək böhranın qarşısını almağa çalışır.

Blinken bazar günü İsrailin işğalı altında olan İordan çayının qərb sahilində Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb. O, Bağdada da qəfil səfər edib və orada İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

İsrail və HƏMAS arasındakı münaqişəni və müharibənin, o cümlədən İraqda yayılmasının qarşısının alınmasının vacibliyini müzakirə ediblər.