Ötən il Bakı metrosunda bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyi bildirilir. Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə bir nəfərin gedişhaqqı 40 qəpik olduğundan metro zərərlə işləyir:
"Metronun əsas gəliri sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil".
"Metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur. Pandemiyadan sonra adicə ağac şpalların qiyməti iki dəfə artıb. Bunlar hamısı qiymətə təsir edir", deyə sədr müavini qeyd edib.
Hidayət Məmmədovun sözlərinə görə, 2018-ci ildə bir sərnişinin daşınmasının maya dəyəri 51, 2019-cu ildə 50 qəpik olub. Lakin pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya mənfi təsir göstərib. Beləliklə, maya dəyəri artıb.
İqtisadçı Toğrul Vəliyev Amerikanın Səsinə bildirib ki, sədr müavini xüsusi məlumat verməyib, hər il olduğu kimi hesabatlarında göstərdikləri xərcləri sərnişinlərin ümumi sayına bölürlər:
"Onlar hər il öz hesabatlarına stansiyaların tikintisinin xərclərini də əlavə edirlər, baxmayaraq ki, bu tikinti dövlət büdcəsi hesabına keçirilir, onların yox. Metronun zərərlə işləməsində ciddi problem müşahidə etmirəm. Bakı kimi böyük olmayan şəhərlərdə metro zərərlə işləyir, nəzərə alsaq ki, onun 27 stansiyası var. Əksi mümkün olması üçün metronun qiyməti daha yüksək olmalıdır, stansiyaları öz hesabına tikməlidir, stansiyaların tikintisi isə çox bahadır, ona görə də onu öz hesabına edə bilmir. Öz hesabına yalnız fəaliyyətini davam etdirə bilir, hansısa təmir keçirməyi, yeni vaqonları təmin etməyi belə dövlət hesabına əldə edir".
Toğrul Vəliyevin sözlərinə görə 2021-ci ilə kimi "Bakı Metropoliteni" tam detallı olmasa belə normal hesabatlar təqdim edirdi.
"Təəssüflər olsun ki, nə 2021-ci, nə də 2022-ci ilin hesabatları hələ də yerləşdirilməyib. Bu cəhətdən əlbəttə ki, qeyri-şəffaflıq var, düzdür, tender baxımından daha şəffafdır, amma investisiya hesabına həyata keçirilən layihələr, yəni stansiyaların tikintisi barədə hesabatlar qeyri-şəffafdır. Digər dövlət qurumları ilə müqayisədə daha şəffaf sayıla bilər, amma əsas stansiyaların tikintisi və vəsaətlər barədə məlumat verilmir", deyə iqtisadçı bildirib.
İqtisadçı Fərid Mehralızadə deyir ki, sədr müavinin açıqlamasının qiymət artımı ilə bağlı anons olduğunu düşünmür:
"Əvvəlki illərdə də belə açıqlamalar olub, amma heç də qiymət artımı müşahidə olunmayıb. Lakin hökumət ictimai nəqliyyatın tarifinin artırılmasında açıqlama vermişdi ki, diferensial qiymət modeli hazırlansın, yəni qiymətlər hamı üçün eyni olmasın. Ona görə də həmin açıqlamaya istinadən deyə bilərik ki, hökumət qiymətləri əhalinin bir hissəsi üçün artırmağı, yaxud daha fərqli tariflərlə etməyi düşünür. Belə bir niyyətin olduğu ictimaiyyətə açıqlanıb. Sadəcə bunun nə vaxt olacağını bilmirik, çünki bizim hökumət belə sürpriz qərarlar verməyi xoşlayır".
"Bakı Metropoliteni" 1967-ci ildə açılıb və hazırda 27 stansiyası var.
2015-ci il avqust ayının 8-dən Bakı metrosunda gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.
Tarif Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında 2018-ci il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən edilirdi.
31 yanvar 2023 tarixində keçirilən iclasda isə 1 gediş üçün qiymət 40 qəpik olaraq müəyyənləşdirilib.