Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin saxlandığı Bakı İstintaq Təcridxanasında infarkt keçirdiyi bildirilir.
Bu barədə Amerikanın Səsinə AXCP-dən məlumat verilib. Məlumata görə noyabrın 3-dən 4-nə keçən gecə təxridxanada Elxan Əliyevin səhhəti ağırlaşıb:
"Gecə ilə halı pisləşib, həkimlərin ilkin müayinəsinə görə onun infarkt keçirdiyini deyiblər".
AXCP-dən verilən məlumata görə bu barədə xəbəri telefon vasitəsilə Elxan Əliyevin özü verib:
İyulun 26-dan həbsdə olan Elxan Əliyev təxminən bir il əvvəl insult keçirib.
Vəkili Nemət Kərimli bildirib ki, Elxan Əliyevin sağlamlığında problemlər var və həbsxana şəraitində saxlanması həyatına təhlükə yarada bilər, buna baxmayaraq məhkəmədə verilən vəsatətin heç biri təmin olunmayıb.
1982-ci il təvəllüdlü Elxan Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
O, təqsirsiz olduğunu, şərlənərək həbs edildiyini bildirir.
Cinayət işində söhbət əmlak alqı-satqısı prosesində dələduzluqdan gedir.
Həbsindən bir neçə gün öncə Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirmişdi.
Bu barədə partiya funksionerlərindən birinə video göndərən Elxan Əliyev həmin görüntülərdə deyir:
"Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir…"
Cinayət Məcəlləsinin 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.