İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Qəzzada atəşkəs olmadığı təqdirdə Amerikanın ağır zərbə alacağını deyib. Aştianinin bəyanatı yarı-rəsmi Tasnim xəbər agentliyində dərc olunub.
"Amerikalılara tövsiyəmiz odur ki, Qəzzada müharibəni mümkün qədər tez dayandırsınlar və atəşkəs tətbiq etsinlər, əks halda onlara ağır zərbə vurulacaq", Aştiani bildirib.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və ardınca İsrailin Qəzzanı intensiv bombardmanından sonra İranın hansı münasibət sərgiləyəcəyi maraq doğururdu.
Aştianinin bəyanatına oxşar bəyanatı Tehrandan əvvəl xarici işlər naziri vermişdi.
Vaşinqton isə açıq şəkildə bəyan edib ki, üçüncü tərəflər münaqişələrə qarışmamalıdır. ABŞ-ın Aralıq dənizinin şərqində iki təyyarədaşıyan gəmisi və müxtəlif döyüş gəmiləri var.
İsrailin Qəzzaya endirdiyi hava hücumlarında həyatını itirənlərin sayı 9500-ə yaxınlaşıb.