Noyabrın 2-də Bakı İstintaq Təcridxanasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovla görüşən vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, ona zəng hüququndan istifadə etməyə icazə verilmir.
Vəkilin sözlərinə görə, bununla bağlı təcridxana rəisinə şikayət etmək istəyən Afiəddin Məmmədovun yazdığı ərizələr ona çatdırılmır:
"Vərəq bitəndə hətta ərizə yazması üçün vərəq belə verilmir. Bununla bağlı rəsmi qaydada şikayət verəcəyik. Yaxınları və dostları ilə telefonla danışmağa icazə vermirlər".
Vəkil bildirib ki, Afiəddin Məmmədovun sağlamlığında yaranan problemlər davam edir.
"Dedi ki, həbs olunan gün burnundan aldığı zərbəyə görə nəfəs ala bilmir. Nəfəs ala bilmədiyinə görə tez-tez gecə yuxudan oyanır, kəskin baş ağrılarının olduğunu dedi. Burnunun bir deşiyinin tamamilə tutulduğunu bildirdi. Həbsxanadakı həkim deyib ki, burnunda sınıq olduğu üçün gərək əməliyyat olunsun"- deyə, vəkil qeyd edib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Fəalların üçü də özlərini təqsirli bilmir və həblərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.
Hüquq müdafiəçiləri fəalların həbsini siyasi motivli hesab edir.
Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını bildirir.