Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, bu barədə noyabrın 2-də Bakı şəhəri Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib.
Vəkil hesab edir ki, ittiham “tamamilə uydurmadır”.
“Biz bu qərardan apellyasiya şikayəti verəcəyik. Özü ilə görüşdüm. Səhhəti normaldır. Heç bir şikayəti yoxdur", o bildirib.
Vəkil deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.
"Orxan avtomobillə hərəkət edərkən qarşısna çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kim isə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.
Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.
Öz növbəsində bununla bağlı hələlik Yasamal rayon məhkəməsindən və digər rəsmi qurumlardan rəsmi açıqlama almaq mümkün olmayıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, oğlunun həbsi Azərbaycan hüquq sistemi üçün qeyri-adi bir hadisədir.
“Təcrübəli hüquqşünasların dediyinə görə, belə hadisə ilə bağlı heç vaxt həbs-qətimkan tədbiri seçilməyib. Bu, Azərbaycanın hüquq tarixində ilk hadisədir”, o qeyd edib.
Arif Hacılı rəhbərlik etdiyi Müsavat Partiaysının demokratiya və azadlıqlar uğrunda mübarizəni bundan sonra da davam etdirəcəyini bildirib.
“Eyni zamanda hüquqi müstəvidə Orxan Hacılının və digər siyasi məhbusların azadlığa buraxılması istiqamətində mübarizəmizi davam etdirəcəyik. Yəqin ki, hüquqşünaslarla məsləhətləşib bundan sonrakı addımlarımızı müəyyənləşdirəcəyik”, Müsavat başqanı deyib.
Your browser doesn’t support HTML5
O, oğlunun həbsinin “siyasi” olması ilə bağlı bəyanatlara münasibət bildirərkən deyib ki, ölkənin “hüquq tarixində ilk dəfə olaraq belə hadisə ilə bağlı həbs qərarının verilməsi məsələnin siyasi xarakterli olduğunu təsdiq edən əsasdır”.
"Müdafiə Xətti” hüquq-müdafiə təşkilarının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə açıqlamasında bildirib ki, Orxan Hacılı məhz Arif Hacılının oğlu olduğuna görə, Müsavat başqanın siyasi fəaliyyətinin mübarizəsinin bu gün qurbanıdır.
O deyir ki, məsələyə iki aspektdə yanaşmaq lazımdır. Siyasi və hüquqi tərəfdən.
“Hüquqi tərəfdən isə qeyd eləmək istəyirəm ki, Orxan bəy ehtiyatsızlıqdan guya törədilən cinayətdə ittiham olunur. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda. Bu, iki ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur. Doğrudur. Alternativ sanksiyadır. Azadlığın məhdudlaşdırılması, cərimə, islah işləri tətbiq edilə bilər. Ən ağır cəza kimi iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Digəri isə guya Orxan Hacılı yol nəqliyyat hadisəsi yerindən qaçıbdır.Yayılan videoda isə görünür ki, Orxan əslində yol nəqliyyat hadisəsini pozmayıb. Hesab edirəm ki, bu məsələ inzibati qaydada həll olunmalı işdir. Burada cinayət təqibindən söhbət gedə bilməz.”
Your browser doesn’t support HTML5
Hüquq müdafiəçisi hesab edir ki, ibtidai istintaq dövründə həbslə əlaqədar olmayan qətimkan tədbirlərindən birinin seçilməməsi onu göstərir ki, bu, siyasi məsələdir.
“Orxan Hacılı Müsavat başqanı Arif Hacılının mübarizəsinin, siyasi işinin qurbanıdır. Və Orxan Hacılı siyasi məhbusdur”, o bildirib.