Siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Azərbaycan və İran arasındakı hazırkı münasibətlər, o cümlədən 3+3 regional əməkdaşlıq formatının gələcək perspektivindən danışıb.
Amerikanın Səsi: Azərbaycan və İran arasında son zamanlar yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artıb. Uzun müddət ikitərəfli münasibətlərdə davam edən gərginlikdən sonra hansısa mülayimləşmədən danışmaq olarmı?
Ruslan İzzətli: İkinci Qarabağ müharibəsindən sonra İran və Azərbaycan münasibətləri gərginləşdi. Hər iki ölkənin rəsmiləri bir-birilərini ən sərt dildə ittiham edirdilər. Bu hətta o səviyyəyə çıxdı ki, Tehranda Azərbaycan səfirliyinə silahlı hücum baş verdi. Tehrandakı Azərbaycan səfirliyi bağlandı. Bu ilin ortalarından başlayaraq Azərbaycan və İran münasibətləri nisbətən yumşalmağa başladı. İranın xarici işlər naziri Azərbaycana gəldi. Səfirliyə hücum edən şəxs həbs edildi. Bu, münsibətlərin normallaşmasına gətirib çıxartdı. O zaman mən qeyd etmişdim ki, zaman-zaman İran-Azərbaycan münasibətləri gərgin olur. Amma bu gərginlik davamlı olmayacaq. Çünki sanksiyalar altında olan və kifayət qədər iqtisadi problemləri olan İran bölgədə ikinci bir problem istəmir. Azərbaycan üçün də o qədər maraqlı deyil İranla problem yaşasın. İranın Azərbaycanla narahatçılığı Zəngəzur dəhlizi ilə bağlı olub. İkincisi İsrail-Azərbaycan münasibətləri idi. Son olaraq beynəlxalq münasibətlərdə Qarabağ mövzusu, Qərbin bölgəyə daxil olması və təşəbbüs irəli sürməsi İranı narahat edir. İran çalışır ki, region ölkəsi olaraq, Cənubi Qafqaz prosesində iştirakçı olsun. Bu iştirakçılıq təbii ki, Azərbaycan ilə münasibətlərin normallaşdırılmasından keçir.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Azərbaycanla İran münasibətlərində köklü ziddiyyətlərin səbəbləri nədir? İki ölkə həqiqi və səmimi tərəfdaş ola bilərmi?
Ruslan İzzətli: Ümumiyyətlə beynəlxalq münasibətlərdə daha çox münasibətlər maraqlar üzərində qurulur. Hər bir dövlət öz maraqlarının və öz istəklərinin reallaşdırılması üçün çalışır. Bu gün Cənubi Qafqazda görünən odur ki, 3+3 regional əməkdaşlıq formatı, Rusiyanın və İranın burada maraqlarına xidmət edir. Çünki hər iki ölkə bölgəyə başqa ölkələrin daxil olmasını istəmir. Xüsusilə Qərbin bölgəyə daxil olmasını istəmir. Təbii ki, Türkiyənin də Cənubi Qafqazla bağlı öz maraqları var. Türkiyə də anlayır ki, burada Rusiyanın təsir imkanları daha yüksəkdir. Nisbətən İranın təsir imkanları var. Bu formada İran bölgədə iştirak etməyə çalışır. Amma zaman-zaman müəyyən ittihamlar olub. Azərbaycan İrana qarşı müəyyən ittihamlar edib. Xüsusilə də dini məzhəblər yönümündə, onlara dəstək verilməsi yönümündə. Eynən İran nümayəndələri Azərbaycanı ittiham edib. Millətçiliyin qabardılması və s. Zaman-zaman bu cür olub. Bu gün bölgədə İran-Rusiya maraqları, indiki halda Azərbaycan daha çox onların maraqlarına xidmət edir, nəinki Ermənistan.
Amerikanın Səsi: Son zamanlar 3+3 regional əməkdaşlıq formatı ətrafında canlanma müşahidə olunur. Bu formatın inkişafı nəticəsində Azərbaycan nəyi qazanıb, nəyi itirə bilər?
Ruslan İzzətli: Qarabağ savaşından sonra bilirsiniz ki, iki əsas vasitəçi var idi. Bir Brüsselin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan arasında danışıqlar gedirdi. Bu yöndə Praqada bir neçə görüşlər keçirilmişdi. Eyni vasitəçiliyi Rusiya da edirdi. Ermənistanın Rusiyadan nisbətən çəkilib Qərblə münasibətlərini daha da istiləşdirməsi, Qərbin prosesdə daha çox iştirakçılığının görünməsi Rusiyanı təbii ki, narahat edir. Yeni bir format çızdılar. Onlar bildirdi ki, burada başqa ölkələr konfilikti həll edə bilməz. Buradakı konfliktləri və problemləri region ölkələr həll etməlidir. Türkiyə, İran, Rusiya və üç Cənubi Qafqaz ölkəsi. Bu formatın bölgədəki konfliktlərin həll edilməsi üçün, təkcə Gürcüstan yox, həm də Ermənistanın Rusiyaya yaxın olması vacibdir. Bu gün Paşinyanın beynəlxalüq mətbuata müsahibələri, Avropa Parlamentində çıxışı açıq-aydın göstərir ki, Paşinyan höküməti ilə Putin administrasiyası arasında çox ciddi bir siyasi problem var. Paşinyan artıq daha çox Avropaya inteqrasiya eləmək istəyir. Ermənistanın bu formatda iştirakı sadəcə bir diplomatik iştirakdır. Gürcüstan ümumiyyətlə bu prosesdə iştirak edə bilməz. Çünki Rusiya onun ərazilərini işğal edib. Dəfələrlə bildiriblər ki, biz bu formatda ola bilmərik. Bu 3+3 yox, daha çox 3+1 formatıdır. Bu fortmatda konflikt həll edilməyəcək. Azərbaycan və Ermənistan arasında hər hansı ciddi sazişin olacağına ümid yoxdur. Azərbaycan da çox güman ki, bu formatın problemi həll edəcəyinə inanmır. Problem iki formada həll edilə bilər. Ya Brüsselin vasitəsilə, ya Moskvanın iştirakı ilə. Amma Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərin həll edilməsi üçün vasitəçilərin bu bölgədə marağının olmaması çox önəmlidir. Hər bir ölkənin Cənubi Qafqazda öz marağı var. Burada marağı az olan tərəf Avropa İttifaqıdır.
Amerikanın Səsi: İran rəsmiləri vaxtaşırı Azərbaycana qarşı təhdidlər səsləndirir. Bu baxımdan Azərbaycan öz təhlükəsizliyini gücləndirmək üçün hansı addımlar atmalıdır?
Ruslan İzzətli: Son otuz ilə xronoloji olaraq bir kiçik nəzər yetirsək, sonuncu ittihamlar ən kəskin formada olub. 2000-ci illərin əvvəllərində Azərbaycan hava məkanının pozulmasına qədər bu münasibətlər gərginləşdi. İran-Azərbaycan arasında hər hansı hərbi savaş olacağı düşüncəsi yoxdur ki, bunu Azərbaycan düşünsün ki, nə edə bilər. Ümumiyyətlə Azərbaycanın öz təhlükəsizliyinin müdafiəsi üçün dünyada iki ittifaq var. Bir Rusiyanın nəzarəti altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, bir də NATO. Azərbaycan özü seçməlidir. Öz gələcəyini, xarici siyasətini harada görür. Bu gələcəyin görünməsində əsas qapı Cənubi Qafqazdır. Rusiyanın və İranın bu bölgədən təsirini azaltmaq üçün Cənubi Qafqazın birliyi çox önəmlidir. Çünki istər Azərbaycan, istər Ermənistan, istərsə də Gürcüstan Rusiyanın təsiri ilə üzləşiblər. Burada iştirak etmək istəyən ölkələr heç zaman problemin həllində yox, öz maraqlarının bu bölgədə hakim olmasında maraqlı olmasında maraqlıdırlar. Azərbaycan da düşünməlidir. Bölgədə İranın və Rusiyanın hakim olmasında maraqlıdır? Bölgədə İranın və Rusiyanın hakim olması Azərbaycanın dövlət olaraq strateji maraqlarına xidmət edir? Yoxsa, Qərbin bu bölgədə güclənməsi, Azərbaycanın strateji olaraq maraqlarına xidmət edir? Azərbaycan bunu düşünüb bu yöndə addımlar atmalıdır. Amma bu addımları atmaq həm də siyasi hakimiyyətin idarəetmə fəlsəfəsindən doğur. Əgər sənin idarəetmə fəlsəfən demokratik deyilsə, demokratik dünyanın bir parçası olmaq istəmirsənsə təbii ki, idarəetmə cəhətdən daha doğma olan Rusiya, İran və yaxud nisbətən onlara baxanda bir az yumşaq “hibrid” bir rejim olan Türkiyə ilə addım atacaqsan. Amma səndə demokratiya, insan haqları, fundamental dəyərlərin hakim olduğu bir sistemdirsə təbii ki, Qərb istər ki, bu bölgədə hakim olsun və Cənubi Qafqaz Birliyinin yaradılması və Avroatlantik məkana inteqrasiya bu bölgənin təhlükəsizliyin təminidir.