Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin ilkin baxış iclası keçirilib.
Elvin Mustafayev avqustun 7-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə iclasında Elvin Mustafayevin vəkili Zibeydə Sadıqova həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.
Növbəti məhkəmə iclası noyabrın 13-ə təyin edilib.
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.
Elvin Mustafayevin ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Elvin Mustafayev 2023-cü ilin yanvarında da Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı. Fəal bu ittihamları qəbul etmirdi və həbsinin Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırıldığını bildirmişdi.