Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurovun növbəti məhkəmə iclası keçirilib.
Vəkil Elçin Sadıqovun məlumatına görə, bugünkü iclasda növbəti şahid dindirilib. Vəkil Yusif Şirinlinin də məcburi şəkildə məhkəmə gətirilməsi ilə bağlı vəsatət qaldırıb. Prokuror isə həmin şəxsin şahidliyinin ləğv edilməsini istəyib.
Samir Aşurov özü də məhkəmədə iştirak edib. Həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə açıqlamasında bildirib ki, o, çıxışı zamanı saxlanılarkən fiziki şiddətə məruz qaldığını bildirib:
"Samir ilk dəfə saxlanılarkən onun pulqabısından 150 manatı polis əməkdaşları götürmüşdülər. Samir çıxışı zamanı bunun səbəbini soruşdu. O, şiddətə məruz qaldığını dedi. Lakin şahid kimi dindirilən şəxs belə bir şey olmadığını dedi".
Növbəti məhkəmə prosesi noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.
Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər. İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar. 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.
Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.