Azərbaycan Mərkəzi Bankın idarə heyətinin sədri "Günaybank" və "Muğanbank"ın bağlanmasının əsas səbəblərini açıqlayıb

Taleh Kazımov (Foto Mərkəzi Bankındır)

Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov lisenziyaları ləğv edilmiş "Günaybank" və "Muğanbank"ın bağlanmasının əsas səbəblərini açıqlayıb.

AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib ki, həmin banklarda hesabatlılıq lazımi qaydada aparılmayıb.

"Həmin bankların bağlanmasının səbəblərindən biri məhz bu idi. Biz yerində nəzarət etdik və məlum oldu ki, hər iki bankda kapital çatışmazlığı var. Bundan irəli gələrək həmin bankların lisenziyalarını ləğv etdik", o qeyd edib.

O bildirib ki, AMB-nin komandası formalaşandan sonra bu ilin əvvəlində ilk olaraq sistem əhəmiyyətli banklarda yoxlamalar aparılıb.

"Ardınca kiçik banklarda yoxlamalar başladı və müəyyən olundu ki, iki bankda hesabatlılıq həqiqətə uyğun deyil. Mərkəzi Bank hər iki bankın lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib", o deyib.

Bundan əlavə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) noyabrın 27-dən başlayaraq "Muğan Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayacağı barədə məlumat yayıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğanbank"ın lisenziyası ləğv edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır.

Mərkəzi Bankın məlumatına görə, "Muğanbank"ın lisenziyası "Banklar haqqında" qanunun maddələrinə əsasən ləğv olunub.

Məlumatda deyilir ki, "Muğanbank"ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə 1,3 faiz təşkil edir.

Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

"Muğanbank" ASC 1992-ci ildə qapalı səhmdar cəmiyyəti kimi təsis edilib və 2005-ci ildə açıq səhmdar cəmiyyəti kimi yenidən qeydiyyatdan keçib.

Bu, 2023-cu ildə Azərbaycanda lisenziyası ləğv edilən ilk bank deyil. Bundan əvvəl, mayın 17-də Mərkəzi Bank "Günaybank"ın bağlanması barədə qərar qəbul edib.

Dünyada 2014-2015-ci illərdə neftin kəskin ucuzlaşmasından bəri Azərbaycanda bır sıra banklar ləğv edilib. Həmin banklarda sığortalanmayan əmanətlərin indiyə kimi yalnız cüzi hissəsinin qaytarıldığı bildirilir.

Bundan əlavə Azərbaycan Mərkəzi Bankı dəfələrlə bildirib ki, ölkədə bank və maliyyə sektorunda rəqabətlilik mühiti mövcuddur. Bu sahə biznes qurumları üçün açıqdır.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Azərbaycanda zaman-zaman zəif banklar sıradan çıxır və bu sonuncu olmayacaq.

"Bunun təbii tərəfləri də var. Bu odur ki, kiçik banklar bazarda rəqabətə dözə bilmir və onların göstəriciləri zəiflədikcə, problemlər yarandıqca lisenziyaları geri alınır. Amma digər tərəfdən də bu periodik olaraq tez-tez təkrarlandıqda vətəndaşlarda da banklara olan güvənin zədələnməsi baş verir və problemlər yaranır, bank sektoruna güvən azalır", o bildirib.

İqtisadçı hesab edir ki, bankların bağlanmasının iqitisadiyyata böyük bir təsiri olmasa da, ümumi ab-havaya mənfi təsir göstərir.