Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini aşağı salıb.
Bu barədə AMB-ın məlumatında deyilir.
Məlumatda görə, bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.
AMB-in məlumatına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
"Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam etmişdir. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4.2%) olmaqla 5.1% səviyyəsinə düşüb. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olub", AMB rəsmi məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, illik inflyasiyanın dinamikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb.
"Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi sentyabrda illik əsasda 19.8%, o cümlədən enerji qiymətləri üzrə 25.6%, qeyri-enerji qiymətləri üzrə 3.9% enib.
AMB-dən verilən məlumata görə, Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirir" məlumatda bildirilir.
Bundan əlavə Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb.
Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır.
Məlumata əsasən, cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olub.
Məlumatda qeyd edilib ki, Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcək.
“ Yuxarıda qeyd olunan xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaq - deyə, AMB-nin məlumatında qeyd edilir.
Bildirilib ki, bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il dekabr ayının 20-də açıqlanacaq.
Öz növbəsində bir müddət əvvəl iqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bununla bağlı bir müddət əvvəl müsahibə verib. O bildirib ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinin inflyasiya göstəricilərinə birbaşa təsiri yoxdur.
Onun sözlərinə görə, Azərbaycanda institutsional olaraq iqtisadi institutlar tam formalaşmayıb deyə uçot dərəcəsi inflyasiyaya təsir göstərmir.
"Müəyyən qədər dolayı təsirləri var. Bu da məsələn, uçot dərəcəsi artıqca kredit faizləri artır. Kredit faizlərinin artması istehlak kreditlərini azalda bilər. İstehlak kreditlərinin azaldılması, inflyasiyaya müəyyən dərəcədə tələbin aşağı düşməsinə səbəb ola bilər. Nəzəri olaraq belə bir mexanizm ola bilər. Amma keçmiş illərin təcrübəsinə baxanda görürük ki, bizə inflyasiyaya təsir göstərən daha başqa ciddi amillər var, nəinki AMB-in uçot dərəcəsi" , o bildirib.
Azərbaycanın müstəqil iqtisadçıları bu göstəricinin daha böyük olduğunu deyirlər. Onlar hesab edir ki, ölkədə inflyasiyanın bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.
İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda hökümətin inflyasiyanı cilovlaması ilə bağlı ata biləcəyi addımlar büdcədən daha çox vergi siyasəti ilə bağlı ola bilər.
“Məsələn ƏDV-dən azad edilmə, gömrük rüsumlarının bir müddət ən azı dayandırılması, bazarda rəqabət imkanlarının yaradılması ölkədə qiymətlərin səviyyəsinin normallaşdırılmasına daha çox təsir edə bilər”, o bildirib.
İqtisadçının sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.