Azərbaycan Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyasını imzalayıb.
Bu barədə oktyabrın 31-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında DTX rəisi Əli Nağıyev ilə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç arasında görüş baş tutub. Görüş çərçivəsində Azərbaycan tərəfi sözügedən Konvensiyanı imzalayıb.
"Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirib, uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə inamını ifadə edib", DXT-nın məlumatında qeyd olunub.
Əli Nağıyev verdiyi açıqlamada Azərbaycanın bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu bildirib.
O, həmçinin Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşların əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verdiyini qeyd edib.
Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyası 2008-ci il fevralın 1-də qüvvəyə minib.