Azərbaycanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti oktyabrın 31-dən bərpa olunub.
Bu ilin sentyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət edilməsi üçün "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edib.
Sosial media tədqiqatçısı Cavid Ağa Amerikanın Səsinə bildirib ki, "TikTok"un bağlanmasına səbəb olaraq digər sosial şəbəkələrə nisbətdə informasiyanın sürətlə yayılma imkanlarının daha geniş olmasıdır.
"Məlumat orda daha tez yayılır, nəinki izləyici və ya dost çevrələri ilə məhdudlaşan "Twitter" və ya "Facebook" kimi platformalarda. Həmçinin "TikTok" sırf videolara fokuslanmış platformadır, "Twitter" və "Facebook" kimi şəbəkələr isə hələ də yazılardan asılıdır və ortalama istifadəçi görməyə daha çox üstünlük verir, nəinki oxumağa. Hansısa hərbçi buna görə də "Twitter" yerinə "TikTok"da hesab açmağa üstünlük verir", o bildirib.
Onun sözlərinə görə "TikTok" əsasən döyüş zamanı hərbçilərin yaydığı videolara görə bağlanır.
"Həmçinin "TikTok"da anonim olmaq daha asandır, həmin platforma istifadəçilərin məlumatlarını dövlətə gec verir, ona görə də bir-bir həmin adamları tapmaqdansa hökumət birbaşa sosial medianı bağlamağı üstün tutur. "Facebook"da əksəriyyət öz adı ilə qeydiyyatdan keçdiyi üçün həmin adamı tutub postu sildirmək asandır, amma "TikTok"da həmin adamı tapıb istintaq aparanacan iş-işdən keçmiş ola bilər", Cavid Ağa qeyd edib.
Oktyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
Məlumatda qeyd olunub ki, həmin hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.
Əlavə olaraq bildirilib ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.