Roma Papası Fransisk bazar günü İsrail və HƏMAS arasında müharibədə atəşkəsə çağırıb və Qəzza zolağında militantlar tərəfindən saxlanılan girovların azad edilməsi çağırışını təkrarlayıb.
“Heç kim silahları dayandırmaq imkanından imtina etməməlidir”, Papa Fransisk Müqəddəs Pyotr meydanında həftəlik dua mərasimi zamanı deyib.
“Atəşkəs”, Roma Papası Vatikanın Müqəddəs Torpaqdakı nümayəndələrindən biri, İbrahim Faltasın bu yaxınlarda televiziya ilə çıxışına istinad edərək deyib.
Daha sonra o əlavə edib: “Biz atəşkəs deyirik. Qardaşlar və bacılar, dayanın! Müharibə həmişə məğlubiyyətdir”.
Roma Papası Yaxın Şərqdə “ciddi vəziyyətə” toxunaraq, qeyd edib ki, “xüsusilə Qəzzada humanitar yardımın və girovların dərhal azad edilməsinin təmin edilməsi” mümkün olmalıdır.
Bu arada, BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) bazar günü Qəzzada minlərlə sakinin agentliyin anbarlarına və paylama mərkəzlərinə basqın edərək, un və “saq qalmaq üçün vacib əşyaları” götürdüyünü bildirib.
Papa Fransisk atəşkəslə bağlı müraciətini İsrailin Qəzza zolağında HƏMAS-a qarşı İsrailin baş naziri Benyamin Netanyahunun üç həftəlik müharibədə ikinci mərhələ adlandırdığı əməliyyatların intensivləşdirildiyi vaxt edib.