Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.
Danışıqların təfərrüatları açıqlanmayıb.
Gürcüstanın "İmedi" telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib.
“Qarabağda baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan baş nazirləri ilk dəfə Tbilisidə üz-üzə görüşüblər. Dinləmə İrakli Qaribaşvilinin vasitəçiliyi ilə keçirilib. Ermənistan və Azərbaycan tərəfi bir neçə saat ərzində iki ölkə arasındakı münaqişəni üz-üzə müzakirə edib”, telekanal məlumat verib.
İrakli Qaribaşvili Gürcüstanın Ermənistan-Azərbaycan danışıqlarında obyektiv və neytral vasitəçi olmağa hazır olduğunu vurğulayıb.
"Gürcüstan, hər iki ölkənin, Ermənistan və Azərbaycanın qərəzsiz, bitərəf, obyektiv vasitəçisi və dostu kimi, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Gürcüstan və mən, hökumət başçısı kimi, bu prosesdə iştirak etməyə hazırıq", Qaribaşvili qeyd edib.
Ermənistan mətbuatının baş nazir Nikol Paşinyanın ofisinə istinadən verdiyi məlumata görə, görüş Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin iştirakçıların şərəfinə verdiyi ziyafət çərçivəsində qeyri-rəsmi şəkildə keçirilib.
“Şam yeməyi zamanı üç baş nazir eyni masa arxasında əyləşib. Onlar şam yeməyindən əvvəl və sonra da yüksək səviyyəli qonaqların qəbulu zalında eyni masa eyni masa arxasında oturublar. Onlar ziyafət, qarşılama və vidalaşma zamanı da (rəsmi ziyafətdə digər baş nazirlər iştirak etməyiblər) bir neçə saat bir yerdə olublar,” Armenpress xəbər agentliyi Baş nazir Nikol Paşinyanın ofisindən sitat gətirib.
Məlumatda deyilir ki, görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair müxtəlif məsələlər müzakirə olunub.
“Erməni tərəfi Azərbaycan Baş naziri ilə təması tərəflərin ən azından bir neçə məsələ ilə bağlı mövqelərindəki nüansların aydınlaşdırılması baxımından faydalı hesab edir”, Armenpress xəbər agentliyi Nikol Paşinyanın ofisinin açıqlamasına istinadən yazıb.
Azərbaycan hələlik bu görüş barədə rəsmi açıqlama yaymayıb.