Riçard Kazlariç: "Azərbaycanla Ermənistan arasında sülh yaradılması məsələsində nikbin olmaq istərdim"

Your browser doesn’t support HTML5

Riçard Kazlariç: "Azərbaycanla Ermənistan arasında sülh yaradılması məsələsində nikbin olmaq istərdim"

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında yaxın zamanda sülh razılığı imzalanması ehtimalını, Nikol Paşinyanın açıqladığını sülh yollarının kəsişməsi konsepsiyasınının regiona vədlərini, Gürcüstan Cənubi Qafqazda sülhün inkişafında oynaya biləcəyi rolu şərh edib.

Amerikanın Səsi: Səfir Kazlariç, Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan “yaxın aylarda Azərbaycanla sülh razılığını yekunlaşdırmağa və diplomatik münasibətlər qurmağa” ümid bəsləyir. Sizcə bu nə dərəcədə realistikdir?

Riçard Kazlariç: Mən Azərbaycanla Ermənistan arasında sülhün qurulması məsələsində nikbin olmağa çalışmaq istəyirəm. Ancaq baxmayaraq ki, biz həm Azərbaycan, həm də Ermənistan tərəfindən eşitmişik ki, sülh razılığı ola bilər, çox yaxında ola bilər, bu il ola bilər, Aİ-nin vasitəçiliyi, Rusiyanın vasitəçiliyi ilə, 3+3 formatında ola bilər, Azərbaycanla Ermənistan arasında sülh razılığı, niyyət memorandumu kimi bir sənəd formalaşdırmaq üçün lazım olan ilkin danışıq olmayıb. Mən bunun yaxın zamanda olacağını düşünmürəm. Mən təəccüblənmək istəyərəm. Səhv çıxmaq istəyərəm, amma ümumi mühiti nəzərə aldıqda, bunun harada olacağını bilmirəm. Demək olar artıq noyabr başlayır. Bu da iki ay deməkdir. Amma mən bunun sadəcə olaraq baş verdiyi görmürəm.

Amerikanın Səsi: Nikol Paşıynan həmçinin administrasiyasının inkişaf etdirdiyi sülh yollarının kəsişməsi konsepsiyasını açıqlayıb ki, buna kommunikasiya xətlərinin inkişafı daxildir. Bu, region üçün nə vəd edir? Və region bundan necə faydala bilər?

Riçard Kazlariç: Mən yaxın zamanda buna bənzər nə qədər xəritə gördüyümü artıq bilmirəm. Biz artıq Tehranda 3+3 görüşündən danışdıq ki, orada onlarda bəlkə də Zəngəzur və ya Araz və ya hər hansı başqa dəhlizdən bəhs edən xəritə var idi. Müxtəlif əlaqələr barədə çoxlu müzakirələr var və bu, vacib olacaq. Ancaq ilk addım bir növ sülh öhdəliyinin olmasıdır. Əks təqdirdə, bu, gələcəyin necə olacağına dair çox idealist baxışlardan başqa bir şey deyil. Ona görə də bunu nə adlandırdığınızdan, bu xəritənin kimdə olmasından asılı olmayaraq, xüsusilə də Cənubi Qafqaz ölkələri arasında regional ticarətin artırılması ideyası yaxşı haldır. Amma sülh öhdəliyi olmasa, lazım olan infrastrukturu inkişaf etdirmək üçün kim risk alacaq? Açığını desəm, mən İranın bunun bir hissəsi ola biləcəyini düşünmürəm. Onlar təkcə Cənubi Qafqazda deyil, İsrail-HƏMAS müharibəsində də özlərinin məsuliyyətsiz aktyor olduqlarını sübut etdilər.

Amerikanın Səsi: Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev Politico-ya bildirib ki, “Azərbaycanın Zəngəzuru zəbt etmək planı yoxdur” və o, artıq “cazibədarlığını” itirib. Bunu necə qiymətləndirirsiniz?

Riçard Kazlariç: Açığı, mən bunu necə dəyərləndirəcəyimi bilmirəm, çünki biz çox sayda müxtəlif hekayə eşitmişik. Məncə şübhəsiz ki, Ermənistan ərazisindən keçən bir dəhliz olacaqsa, ona nəzarət edə bilməyəcəksiniz. Ona görə də ilk başda sülhə ehtiyac var. Ermənistanla Azərbaycan arasında sülh öhdəliyi olsa, onda bu, mümkün ola bilər. Amma biz sadəcə olaraq bunu sırıyacağıq demək, nə deməkdir? Bu o deməkdir ki, Ermənistan sadəcə olaraq Azərbaycanın hər hansı bir normal sərhəd yoxlaması olmadan malları keçirə bilməsini qəbul etməlidir. Amma bu olmayacaq. Azərbaycanın həmin dəhlizə nəzarət etmək üçün hərbi tədbirlər görməyə hazır olub-olmadığını isə mən bilmirəm.

Və biz yenə İran amilinə qayıdırıq. Mən düşünmürəm ki, İran Azərbaycanın həmin ərazinin nəzarətini ələ keçirməsindən məmnun qalacaq. Bu, sərhədi dəyişir və məncə iranlılar açıq bildiriblər ki, onlar bunun baş verməsinə imkan verməcəyəklər, çünki bu, onların milli təhlükəsizliyinə təsir göstərir. Azərbaycanın, bəlkə də tək Azərbaycanın deyil, amma İranda Ermənistanın sərhədinə paralel dəhliz inşa etmək ideyasına baxanda mən deyərdim ki, mən Azərbaycanın Naxçıvan və Türkiyə ilə ticarətə nəzarəti İrana vermək istəməsini anlamıram. İran ərazisindən yol və ya dəmir yolu və ya hər ikisinin birləşməsini inşa etsəniz, bunu etmiş olacaqsınız. İrana həmin yol üzərində bir güc verəcəksiniz. Mən bunun necə Azərbaycanın marağında olacağını anlamıram.

Amerikanın Səsi: Və son olaraq baş nazir Paşinyan bu çıxışını Gürcüstanda 4-cü Tbilisi İpək Yolu Forumunda edib. Azərbaycan Prezidenti İlham Əliyev də Tbilisiyə son səfəri zamanı Azərbaycanın Ermənistan liderləri ilə Gürcüstanda sülh danışıqları aparmağa hazır olduğunu deyib. Sizcə, hər iki qonusu ilə də yaxşı münasibətləri olan Gürcüstan Cənubi Qafqazda sülhün bərqərar olmasında hansı rol oynaya bilər?

Riçard Kazlariç: Açığı, bu Azərbaycan və Ermənsitandan rəsmilər və qeyri-resmilər üçün əlverişli bir məkandır. Bir tərəfdə Aİ-nin təşkil etdiyi başqa bir forum var ki, belə görünür Azərbaycan onu rədd edib. Digər tərəfdə Rusiyanın forumu var. Mən rusların nədən bəhs etdiyini bilmirəm, nəzərə alsaq ki, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında Tehrandakı görüşlərindən 1-2 gün sonra telefon danışığı oldu. Bir tərəfdən də ABŞ-ın etməyə çalışdığı bir şey, özünün vasitəçilik səyləri var. Amma məncə başqa bir forum keçirməyə gəldikdə, bütün digərləri uğursuzluqla başa çatdığı bir vaxt bunun uğurlu olacağını demək olmaz. Mən sadəcə olaraq məyus oluram, çünki sanki insanlar başqa bir forum keçirərək, bir-biriləri ilə danışmaqdan yayınmağa çalışırlar, amma onlar bir-birilərilə danışmalıdırlar. Məsələ belədir: “gəlin, masada oturun. Sizin nə gürcülərə, nə amerikalılara, nə ruslara, nə də Aİ-yə ehtiyacınız var. Sülh barədə ciddisinizsə, bunu edə bilərsiniz. Bunu harada edəcəyiniz isə başqa məsələdir.”

Amma bunu görmək məyusedicidir. Ermənistan və Azərbaycan rəsmiləri bir-biriləri ilə sülh haqqında anlayış və ya sülh razılığı barədə danışmayanadək bu, sadəcə olaraq forum axtarışı, forum kəşfidir. Amma bu olandan sonra, nəqliyyat yolları və Cənubi Qafqaz konteksti çərçivəsində həll olunmalı olan çox sayda başqa məsələlər barədə danışa bilərsiniz. Amma mənə elə gəlir ki, bu, birbaşa təmasdan qaçmaqdır.