AXCP üzvünün Heydər Əliyevin heykəlini yazdığına görə həbs olunduğu deyilir

AXCP Gənclər Təşkilatı (Arxiv foto)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin həbs olunduğu bildirilir.

Partiyanın məlumatına görə fəal avqust ayının sonunda həbs olunub, amma bu barədə xəbəri oktyabrın 24-də partiya yoldaşlarına çatdıra bilib:

"İki aya yaxındır ki, ondan xəbər yox idi. Partiya yoldaşları əlaqə nömrələrinə zəng etsələr də, heç bir məlumat ala bilmirdilər. Dünən bir nəfər zəng vurub deyib ki, Elbəyi Kərimli 1 saylı Bakı İstintaq Təcridxanada saxlanılır".

AXCP-nin məlumatında deyilir ki, Elbəyi Kərimli Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb və narkotik ittihamı ilə həbs olunub.

"Hazırda vəkillə müqavilə bağlamağa çalışırıq. Vəkil Elbəyi ilə görüşəndən sonra ətraflı məlumat ala biləcəyik", deyə AXCP qeyd edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.