İctimai fəalın polis bölməsində işgəncəyə məruz qaldığı bildirilir

Möhyəddin Orucov

Oktyabrın 18-də inzibati həbs cəzası alan ictimai fəal Möhyəddin Orucovun Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat yayıb.
"Az əvvəl Möhyəddin Orucovun anası Təranə xanım mənimlə əlaqə saxladı.
Anası bilidirir ki, Möhyəddin saxlanılan gün 32-ci polis bölməsində işgəncəyə məruz qalıb, daha sonra əlllərini və ayaqlarını stula bağlayıb, səhərədək polis bölməsinin həyətində saxlayıblar", o bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda həbsdə olan Möhyəddin Orucovun böyrəklərində ciddi narahatlıq var, sidik ifrazı problemi yaşayır.
"Təranə xanım bildirir ki, həyat yoldaşı ilə birlikdə 32-ci polis bölməsinə yaxınlaşıblar, rəisə sual ediblər ki, "oğlumuza kim işgəncə verib, hansı polis bu hala salıb?". Rəis cavabında deyib ki, hesab edin ki, mən döymüşəm, nə olub ki?" - deyə, Səfərov qeyd edib.

Möhyəddin Orucova İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə 30 sutka inzibati həbs cəzası verilib.

Ailəsinin məlumatına görə fəal sosial media hesabından prezident İlham Əliyevi tənqid edən şərh yazdığına görə saxlanılıb.

"Polislər zəng edib bölməyə çağırdılar, qardaşım da getdi. Vəkili yoxdur, hələlik ittiham irəli sürülməyib. Polis dedi ki, prezident İlham Əliyevi tənqid etdiyi üçün bölməyə çağırılır. Dedilər məhkəməyə çıxarılacaq, amma hələlik məlumat yoxdur", fəalın ailəsi bildirib.

İddialarla bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.